Meksikanın müstəqilliyinin 200 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan mətbəxi təqdim olunub (FOTO)

Meksikanın müstəqilliyinin 200 illik yubileyi ilə əlaqədar paytaxt Mexikonun ən mötəbər ərazisində yerləşən “Presidente İntercontinental” mehmanxanasında YUNESKO ilə əməkdaşlıq edən “Hypatia” klubu, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin, “Presidente İntercontinental” mehmanxanasının və Meksikanın “Xocolatl” şokolad fabrikinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə Meksikanın müstəqilliyini simvolizə edən, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “Chile en nogada” yeməyi ilə yanaşı, tədbirdə xüsusi qonaq qismində iştirak edən Azərbaycanın milli mətbəx nümunəsi olan yarpaq dolması “Chapulin” restoranının baş aşpazı tərəfindən hazırlanaraq qonaqlara təqdim olunub.

Tədbirdə çıxış edən səfir M.Talıbov Azərbaycanla Meksika arasındakı əlaqələrin önəmindən bəhs edib, ölkəmizin mədəniyyəti, ənənələri, turizm potensialı və milli mətbəxi barədə məlumat verib. Həmçinin Meksika milli mətbəxinin nümunəsi “Chile en nogada” ilə bənzərliyi olan dolmanın Azərbaycanda bir neçə növü olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanın mədəniyyətini özündə əks etdirən müxtəlif nümunələrdən ibarət guşə yaradılmış, qonaqlara ölkəmizin mədəniyyəti, mətbəxi və tarixinə aid materiallar paylanıb.

Teqlər: