“Məhsul və xidmətlərimizi müştərilərimizin tələblərinə uyğun olaraq təqdim edirik, əksinə deyil” – AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri

  • Özünüzü yeni ölkədə və yeni vəzifədə – AccessBank-ın
    İdarə Heyətinin sədri kimi necə hiss edirsiniz?
  • Azərbaycanda dəfələrlə qısamüddətli işgüzar səfərlərdə olmuşam.
    Amma bura uzunmüddətlik gəlmək həm imtiyaz, həm də böyük
    məsuliyyətdir. Qoşulduğum AccessBank komandası peşəkarlardan
    ibarətdir. Əməkdaşlarımız daima üzərlərində işləyir, ixtisaslarını
    artırırlar. AccessBank uzun müddətdir ki, mikrobiznes üçün maliyyə
    mənbəyi rolunda çıxış edir və bu bütün ölkənin iqtisadi inkişafı
    üçün olduqca mühüm rol oynayır. Bildiyiniz kimi, AccessBank
    Azərbaycan bazarında artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir.
    Bankımızda bu illər ərzində qurulmuş korporativ mədəniyyət
    əməkdaşlarımıza mikrosahibkarlığın dəstəklənməsinə məsuliyyət
    hissini aşılayıb və mən əminəm ki, məhz bu məsuliyyət hissi bizə
    növbəti 20 ildə də mükəmməl nəticələrə nail olmağa kömək edəcək.
    Beləliklə yeni ölkədə və yeni vəzifədə AccessBank komandası ilə
    birlikdə özümü enerji dolu və böyük planlara doğru irəliləməyə
    hazır hiss edirəm.
  • Dünya iqtisadiyyatı koronavirus pandemiyası dövründə
    yaşanan məhdudiyyətlərlə əlaqədar olaraq çətin dövrdən keçdi.
    İqtisadi fəallığın bərpasında maliyyə institutlarının rolunu necə
    görürsünüz?
  • Həqiqətən də ötən iki il kifayət qədər çətin keçdi.
    Pandemiyanın miqyasını və onun insanların həyatına və müxtəlif
    sahələrə təsirini təsəvvür belə edə bilməzdim. Buna baxmayaraq,
    kifayət qədər dözümlü olduğumuzu sübut etdik və pandemiyanın
    yaratdığı gündəlik çətinliklərin və məhdudiyyətlərin öhdəsindən
    gələ bildik.

Regionumuzdakı maliyyə institutları pandemiya dövründə
sahibkarlığa dəstək olmaqda, pandemiyadan sonra isə iqtisadiyyatın
inkişafına təkan verməkdə böyük rol oynadılar. Maliyyə resurslarını
müştərilərimiz və əhali üçün əlçatan etmək məqsədilə AccessBank
ölkədəki digər banklarla birgə hətta tam qapanma dövründə
fəaliyyətini davam etdirdi. Bundan əlavə, bankın kreditlər üzrə
ödənişlərdə tətbiq etdiyi güzəştlər iqtisadiyyatın bərpasında
əhəmiyyətli rol oynadı. Pandemiyanın təsirinə daha çox məruz qalmış
müştərilərimizlə bu gün də sıx əməkdaşlıq edirik, çünki tam bərpa
üçün onların hələ də zamana ehtiyacları var.

  • AccessBank artıq uzun illərdir ki, Azərbaycanın
    mikromaliyyə bazarında lider mövqeyini qorumaqdadır. Bankın cari
    vəziyyətini və yaxın gələcək üçün addımlarını necə
    görürsünüz?
  • Bəli, AccessBank Azərbaycanda mikromaliyyə sahəsində liderdir
    və hesab edirəm ki, liderliyimizin “resept”ini uzun illərdir mikro,
    kiçik və orta biznes (MKOB) seqmentində çalışan və onu çox gözəl
    tanıyan savadlı və istedadlı komandamız təşkil edir. Bundan əlavə,
    qeyd etmək lazımdır ki, AccessBank-ın bütün səhmdarları MKOB
    seqmentinin inkişafını fəal şəkildə dəstəkləyən beynəlxalq maliyyə
    institutlarıdır – Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya
    Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və s.. Habelə,
    depozitlərini bankımızda yerləşdirən pərakəndə seqmentinin
    müştərilərinin də etimadını qazanmışıq.

Bu yaxınlarda pandemiyanın başa çatmasında və bununla əlaqədar
iqtisadiyyatın inkişaf templərinin sürətlənməsində AccessBank üçün
də böyük artım perspektivlərini görürəm. İlk növbədə, Abşeron və
regionlarda sahibkarlara dəstək olmaqla, bizə “doğma” olan
mikromaliyyələşdirmə seqmentində inkişaf etmək niyyətindəyik.
Səmimi qəlbdən inanıram ki, bu seqmenti bizdən yaxşı bilən
yoxdur.


Eyni zamanda pərakəndə bankçılıq istiqaməti üzrə də müştəri
bazamızı inkişaf etdirmək niyyətindəyik. Bundan başqa, yaxın
gələcək üçün olan planlarımıza həm bizim, həm də müştərilərimizin
son illər faydasını gördüyümüz rəqəmsallaşma sahəsinin
təkmilləşdirilməsi daxildir. Bu addımlar mövcud müştərilərə daha
sürətli xidmət göstərməyimizə, eyni zamanda yeni, xüsusilə də gənc
nəsil müştərilər cəlb etməyimizə imkan yaradacaq.

  • Azərbaycanda bank sektorunun gələcək inkişafına verə
    biləcəyiniz peşəkar töhfənizi necə görürsünüz? Yeni təyinatdan
    gözləntiləriniz nədir?
  • Gözləntilərə gəldikdə isə… İnanıram ki, Azərbaycanda bank
    sektoru ölkə iqtisadiyyatına verdiyi töhfəsini daha da artıracaq.
    Hazırda Azərbaycan əhalisinin bank xidmətlərindən istifadə
    səviyyəsi regionun bəzi ölkələri ilə müqayisədə daha aşağıdır.
    Lakin əminəm ki, yaxın gələcəkdə bütün maraqlı tərəflərin, eləcə də
    tənzimləyici orqanların və maliyyə institutlarının birgə
    əməkdaşlığı nəticəsində Azərbaycanda daha çox vətəndaş bankçılıqdan
    istifadə edəcək. Bu isə hamı üçün faydalı olacaq.
Teqlər: