“Məhşər divanı: Yalanın 17 anı” sənədli romanının təqdimatı keçirilib

Bu gün Bakı Kitab Mərkəzində fəlsəfə üzrə fəlsəfə doktoru Adəm
İsmayıl Bakuvinin “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanının
təqdimat mərasimi baş tutub.

Tədbirin aparıcısı Qulu Məhərrəmli təqdimat mərasimini açıb.
Sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, erməni
vəhşiliyini əks etdirən video-çarx nümayiş olunub.

Təqdimat mərasimində tanınmış mədəniyyət xadimləri, millət
vəkilləri və başqaları iştirak ediblər.

Xalq yazıçısı Çingiz Abdullayev ermənilərin tarixən törətdiyi
vəhşiliklərdən bəhs edib: “Kitabda Azərbaycan xalqına qarşı
törədilmiş faciələrin əsas səbəbkarlarının məhkəməsi qurulub. Mən
bu siyahıya Sarkisyanı, Koçaryanı, Seyran Akoryanı da əlavə
edərdim”.

Millət vəkili Fazil Mustafa isə bu tip kitabların dünyada
tanıdılmasının vacibliyini qeyd edib: “Bu cür kitablarla mübarizə
ənənəsi artıq dünya dillərində də nəşr olunmalı, tanıdılmalıdır.
Yəni auditoriyanı böyütmək lazımdır. Hansı ki sözügedən kitabın
digər dillərə tərcüməsi də nəzərdə tutulub”.

Millət vəkili, Akademik Ziyad Səmədzadə bu gün üçün informasiya
müharibəsi anlayışının aktual olmasından və bu kitabın da
informasiya vasitəsi kimi yaxşı vəsait olduğunu vurğulayıb: “Bu
kitab bizim hamımızı informasiya müharibəsinə səfərbər edən əsas
amillərdən biridir. Kitabda o qədər zəngin faktlar var ki, bütün
bunlar erməni vəhşiliyini göstərir”.

A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix
elmləri üzrə elmlər doktoru, professor Kərim Şükürov bu hadisənin
əhəmiyyətinə toxunub: “Genosidologiya adlı elmi istiqamət
formalaşır. Bu baxımdan, Azərbaycan tarixi boyunca başına gətirilən
faciələri daha geniş auditoriyaya çatdırmalıdır ki, dünyada fikir
formalaşdıra bilsin”.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə
Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə bu tip kitabların
davamının olacağını qeyd edib: “Azərbaycan Dünya Təşkilatını
formalaşdırırıq. Orada dövlətə, Azərbaycana, turançılığa yönəlik
addımlar atacağıq və bu kitab sonuncu deyil”.

Yekunda müəllif Adəm İsmayıl Bakuvi kitabın yazılmasından bəhs
edib: “Mən uşaq olanda nənələrimiz, babalarımız elə faktlar
danışırdı ki, o faktları heç vaxt unutmaq olmaz. Məsələn, biri
mənim yadımdadır ki, deyirdilər, Ağsunun yuxarısındakı məscidin
içində yanan insanların qoxusu Ağsuya qədər çatırdı. Bu tip
faktları biz uşaq olanda eşidə-eşidə altşüurumuzda saxlamışdıq. Və
bütün bu faciəvi məsələlərin yekununda bu kitab ərsəyə gəldi”.

Qeyd edək ki, kitabın rəyçiləri filologiya elmləri doktoru,
professor Nizami Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, tarix
elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov və
jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Qafar
Çaxmaqlıdır. Sənədli romanın beynəlxalq rəyçiləri isə İSESCO-nun
sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri
(Səudiyyə Ərəbistanı), tarixçi, professor Kamal Çiçək (Türkiyə) və
Vadim Viktoroviç Mixaylovdur (Rusiya).

445 səhifəlik sənədli romanda eyni millətin (erməni) nümayəndəsi
olan 17 nəfərə Böyük Divan qurulur. Klassik məhkəmə formatına uyğun
bir qaydada keçirilən Böyük Divanda Zori Balayandan tutmuş, Monte
Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana
batmış ermənilərə məhkəmə qurulur, onlar müxtəlif cinayətlərdə
ittiham olunur. Baş Meydanda insanların qarşısında onlara nədə
ittiham olunduqları elan edilir. Zəruri hallarda müxtəlif
millətlərdən olan ekspertlər, zərərçəkənlər dinlənilir. Müəllif
obyektivliyi qoruyaraq ittiham edilənlərə də Baş Hakim obrazının
dili ilə söz verir. Hər bir fəslin sonunda hər ittiham olunan
erməniyə hökm oxunur.

Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından
əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər.
Əsərin daha 4 dildə – türk, rus, ingilis və erməni dillərində çapı
nəzərdə tutulur ki, artıq rus dilində nəşri hazırda çapa
hazırlanır.

Teqlər: