Mehriban Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür – Kamaləddin Qafarov

Ölkəmizdə 2016-cı il sentyabrın 26-da keçirilən referendum
Konstitusiya islahatları, o cümlədən də Birinci vitse-prezidentlik
institutunun yaradılması ilə bağlı Prezident İlham Əliyevdən gələn
təklifin, siyasi iradənin Azərbaycan ictimaiyyətinin mövqeyi ilə
üst-üstə düşdüyünü bir daha təsdiqlədi. Prezident İlham Əliyevin
2017-ci il fevralın 1-də imzaladığı Sərəncama əsasən Mehriban xanım
Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin
olundu. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti
təqdim edən Prezident İlham Əliyev demişdir: “Mehriban Əliyeva uzun
illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda
mühüm və fəal rol oynayır”. Artıq beş ildir ki, Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə Birinci vitse-prezidentlik institutu
funksional təsisat kimi uğurla fəaliyyət göstərir. Ötən müddət
ərzində əldə olunan uğurlar təsdiqləyir ki, Birinci
vitse-prezidentlik institutu idarəetmənin çevikliyini və
səmərəliliyini artırıb. Təbii ki, burada Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın şəxsi keyfiyyətləri və yüksək idarəçilik
təcrübəsi mühüm rol oynayıb.

AzerTimes-ın
məlumatına görə, bu sözləri mətbuata verdiyi açıqlamasında
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin
Qafarov deyib.

Millət vəkili qeyd edib ki, ötən illər ərzində Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilmiş
beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır.
Mehriban xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə
keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu bir daha
nümayiş etdirdi: “Azərbaycan və dünya ictimaiyyəti 2017-ci ildə
Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək
təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin,
Mehriban xanım Əliyevanın 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs
göstərməsi və buna nail olması tarixi hadisədir. Azərbaycan
cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də
ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi müxtəlif beynəlxalq
tədbirlərin təşkilat

komitələrinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım
Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlülüyünün
dəfələrlə şahidi olub. Azərbaycanın Birinci vitse-prezidenti siyasi
karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin
öhdəsindən hər zaman

böyük məharətlə gəlib. Mehriban xanım Əliyevanın fəaliyyəti
ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq
münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının
artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz
xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik
tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər
Əliyev Fondu isə uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni
diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu
fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və
təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində
mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə
çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin
təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər
nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində
mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır”, – deyə
K.Qafarov bildirib.

Millət vəkili vurğulayıb ki, Mehriban xanım Əliyevanın
fəaliyyətində ölkənin təhsil və səhiyyə sistemlərinin
təkmilləşdirilməsi istiqamətində görülən işlər xüsusi yer tutur.
Ölkəmizdə Birinici xanımın bilavasitə təşəbbüsü ilə uşaq və
yeniyetmələrin təhsili və təlimi sahəsində, səhiyyəmizin inkişafı
və təkmilləşdirilməsi istiqamətində hər il möhtəşəm layihələr
həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva
daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından
məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət
göstərir: “Birmənalı olaraq qeyd etmək lazımdır ki, Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti
ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən,
Fondun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq
lazımdır ki, bu təsisat Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, ölkəmizin 30 ilə yaxın müddət ərzində
məruz qoyulduğu təcavüzkarlıq faktının ifşası istiqamətində
məqsədyönlü və ardıcıl iş aparıb. Əlbəttə ki, Heydər Əliyev
Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqlara
qayğıdır. Fond körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi
üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar
keçirir. Ölkəmizdə uşaqların firavan, sağlam böyüməsi üçün hər cür
şərait yaradılıb. Analara göstərilən diqqət və qayğını da buraya
əlavə etsək, deyilənlərin təsdiqi üçün geniş təhlilə ehtiyac
qalmaz. Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal
mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində
biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev
Fondunun təcrübəsi hər bir təşkilat üçün nümunədir. Bu günədək
müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil
körpənin sağalıb yenidən həyata

qayıtmasında böyük rolu və xidmətləri olan Fonda ünvanlanmış
minnətdarlıq məktublarının sayı minlərlədir.

Bir məqamı da qeyd etmək lazımdır ki, xəstə uşaqlarla bağlı
Heydər Əliyev Fondu tərəfindən bu gün təkcə Azərbaycanda deyil,
dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl
mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin
maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən
uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz
uşaqların sağlamlıqlarının qorunması ilə bağlı Fond tərəfindən
həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Bu, ilk
növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial
problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin
möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır”, – deyə Kamaləddin
Qafarov fikirlərini tamamlayıb.

Teqlər: