Bakı Apellyasiya Məhkəməsində Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən zərərçəkmiş şəxs tərəfindən verilən şikayətə baxılıb.
AzerTimes xəbər verir ki, prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin verdiyi şikayət təmin olunmayıb və Nizami rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər 3 şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvini və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsini ilə bağlı apelyasiya şikayəti vermişdi.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən “Mehnur” loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə istintaq orqanı tərəfindən təqdimatlara baxılıb. Hər 3 təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı qərarlar qəbul edilib.