Azərbaycan buna icazə verməyəcək – Şamil Ayrım

Azərbaycan buna icazə verməyəcək – Şamil Ayrım

Azərbaycan üç min şəhid verərək öz torpaqlarını işğaldan qurtardı və nəticədə 10 noyabr bəyanatı imzalandı. Lakin Ermənistan iki ilə yaxın müddət keçməsinə baxmayaraq, öhdəliklərini yerinə yetirmir, təxribatlarla məşğul olur. Sərhəddə törədilən sonuncu təxribatda da təəssüf ki, 50 Vətən övladını şəhid verdik. Şəhidlərimizin qanı yerdə qalmadı. Şanlı Azərbaycan Ordusu haqlı şəkildə onların qanını aldı.

Bu sözləri AzerTimes-a Ermənistanın son təxribatları ilə bağlı danışan TBMM Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım deyib.

Millət vəkili İrəvanın ağıllanmayacağı təqdirdə daha sərt zərbə ilə üzləşəcəyini vurğulayıb:

“Bütün bunlara baxdığımız zaman İrəvanın sülh sazişini imzalamaq niyyətinin olmadığını və danışıqlar prosesini baltalamaq üçün təxribatlara əl atdığını görürük. Amma Ermənistan Azərbaycanın hazırda güclü orduya sahib, müharibəni bilən və dövlətinin yanında möhkəm dayanan xalq olduğunu unutmamalıdır. Bölgədə çibanın başı olan Ermənistan dövləti öz xalqının gələcəyi, ölkənin rifahı haqqında fikirləşmir. Üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması məsələsi öz əksini tapıb. Son Brüssel görüşü zamanı da ilin sonunadək delimitasiya və demarkasiya məsələsinin tamamilə həll olunması, nəqliyyat və kommunikasiya xətlərinin açılması haqqında razılıq əldə edildi. Ancaq verdiyi sözlərə, götürdüyü öhdəliklərə əməl etməyən İrəvan bu dəfə də təlaşa qapıldı, prosesi əngəlləmək üçün təxribat törətdi. Bir tərəfdə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri görən Bakı, digər tərəfdə isə qanunsuz şəkildə Azərbaycan ərazilərinə soxularaq görülən işləri əngəlləmək üçün yollara mina döşəməyə cəhd edən İrəvan var. Bunları qətiyyən qəbul etmək mümkün deyil. Azərbaycan Ordusu haqlı şəkildə öz vəzifəsini yerinə yetirərək onların cavabını layiqincə verib. Təbii ki, Türkiyə dünən olduğu kimi, bu gün də Can Azərbaycanın yanındadır. Bu, sabah da belə olacaq. Bütün dünya və bölgə ölkələri, xüsusilə Ermənistan dövləti və xalqı birdəfəlik dərk etməlidir ki, əgər sülh içində yaşamaq istəyirlərsə, hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Biz hər dövlətin torpağının özünə yetəcəyini deyirik, lakin Ermənistan da təhriklərə getməməlidir. Türkiyə xoş niyyət göstərərək normallaşma prosesinin başlamasına razı oldu, hətta hava məkanı açıldı. Ancaq ölkəmizin də xoş niyyətindən sui-istifadə etməyə çalışırlar. Həm Ermənistan, həm də başqa dövlətlər bilməlidirlər ki, Türkiyə bütün hallarda qardaşı Azərbaycanın yanında olacaq. İrəvandakı bir qrup insan öz xalqını düşünmür, ancaq təxribat törədərək qan və gözyaşından mənfəət əldə etmək istəyirlər. Ancaq Azərbaycan buna icazə verməyəcək və özünün olanı sonadək müdafiə edəcək. Ermənistan ağlını başına yığmalıdır. Çünki əgər belə davam edərsə, bu dəfə başına dəyəcək yumruq əvvəlkindən daha ağır və sərt olacaq. Təkrar Allahdan əziz şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Teqlər: