Məhkəmə Vilyam Hacıyevin vəkilləri ilə bağlı Vəkillər Kollegiyasına şikayət etdi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq
icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə bu günə təyin
olunmuş məhkəmə prosesi təxirə salınıb.
AzerTimes-ın məlumatına görə, Məhkəmə baş tutsa da V. Hacıyevin
vəkilləri prosesə qatılmayıb.

V.Hacıyev müdafiəçilərinin, xüsusilə də vəkil Elmar Kərimov
olmadan məhkəmə iclasının keçirilməsinə etiraz edib.

Hakim müdafiə tərəfi olmadan məhkəmə iclasının keçirilməyəcəyini
keçmiş icra başçısının diqqətinə çatdırıb. Lakin müdafiəçilərin
məhkəmə iclasını qəsdən pozmağa çalışdıqlarını da bildirib:” Üç
vəkildən biri gəlmirsə niyə müqavilə bağlayırlar? Belə çıxır ki,
bilə-bilə məhkəməni ləngitmək istəyirlər. Müdafiəçilərlə bağlı
tədbir görüləcək və dərhal Vəkillər Kollegiyasının sədrinə müraciət
ediləcək.”

Məhkəmə fevralın 18 -nə kimi təxirə salınıb.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: