Məhkəmə hakimlərinin sayı artırıldı

Ölkə Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların
dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə
məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə zəruri tapşırıqlar
verilib. Hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez
və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid
artırılıb.

Hakimlərin Seçki Komitəsindən AzerTimes-a verilən məlumata görə,
bununla əlaqədar hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz
aparılmaqla sənədlərin qəbulu davamlı xarakter alıb, 900-dən çox
namizədlə müsabiqələr keçirilib. 44 nəfər dövlət başçısının
sərəncamı ilə ötən il müxtəlif hakim vəzifələrinə təyin edilib,
hazırda 140 nəfər müsabiqənin müxtəlif, o cümlədən yekun müsahibə
mərhələsindədir.

“Eyni zamanda 200-dən çox hüquqşünas test imtahanında iştirak
etmək üçün sənədlərini təqdim ediblər.

Həmin namizədlərlə test imtahanı cari ilin iyun ayının 8-də
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəkdir (ünvan: Bakı
şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28). Növbəti
müsabiqə üçün sənədlərin qəbulu isə fasiləsiz davam edir.

Həmçinin, namizədlərə xatırladılır ki, test imtahanı DİM
tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir.

Namizədlərin rahatlığı üçün imtahana görə ödənişin aparılması və
“İmtahana buraxılış vərəqəsi”nin əldə olunması DİM tərəfindən may
ayının 25-dən etibarən dim.gov.az saytı vasitəsilə həyata
keçiriləcəkdir. Müsabiqə ilə bağlı “Yaddaş Kitabçası” isə
Məhkəmə-Hüquq Şurasının jlc.gov.az saytından əldə edilə bilər”,-
mlumatda bildirilir.

Teqlər: