Bakı Apellyasiya Məhkəməsində sabiq səfir Eldar Həsənovun
şikayəti ilə bağlı qərar qəbul olunub.
Trend xəbər verir ki, bu gün hakim Elmar Rəhimovun sədrliyi ilə
keçirilən prosesdə elan olunan qərara əsasən, apellyasiya şikayəti
təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə
saxlanılıb.
Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.
Sabiq səfir, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya
israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma,
külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət
büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü
(vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il
müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən
şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.