Xəbər - Samir Əli – Trend:
Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan 1983-cü il təvəllüdlü Şamxal Kərimovun apelyasiya şikayətinə baxılıb.
AzerTimes-ın məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
İttihama görə, zərərçəkmiş Rəşid Məmmədov həbsdə olan oğlunun azadlığa buraxılmasına kömək etməsi üçün Şamxal Kərimova 67 min manat pul verib.
Rəşid Məmmədovun oğlu terrorçuluq və terror təşkilatlarını maliyyələşdirməkdə təqsirləndirilək həbs edilən 11 nəfərdən biri olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşid Məmmədovun oğlu Babək Məmmədli 7 il müddətinə azadlıqdan məhrum edilib. Ş.Kərimov isə özünü yüksək rütbəli məmur kimi təqdim edərək ondan aldığı 67 min manatı qaytarmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamxal Kərimov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu hökmdən hər iki tərəf narazı qalıb. Zərəçəkmiş tərəf şikayət verərək Ş.Kərimova 10 il azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib. Şamxal Kərimov isə daha aşağı həddə cəza təyin edilməsi üçün məhkəməyə üz tutub.
Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.