Medianın İnkişafı Agentliyində Özbəkistanın Milli İnformasiya Agentliyinin rəhbərliyi ilə görüş keçirilib (FOTO)

Medianın İnkişafı Agentliyində (MEDİA) Özbəkistanın Milli
İnformasiya Agentliyi UzA-nın rəhbərliyi – baş direktorun birinci
müavini Sobir Şukurov, baş redaktor Qayrat Xonnazarov, eləcə də
Özbəkistan Nazirlər Kabinetinin Turizm, Mədəniyyət və Kütləvi
Kommunikasiyalar katibliyinin sektor müdiri Şahobiddin Musayevlə
görüş keçirilib.

AzerTimes-ın məlumatına görə, görüş zamanı MEDİA-nın icraçı
direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl
qəbul edilmiş “Media haqqında” qanun, bu qanunun üstünlükləri,
eləcə də ölkədə vahid media reyestrinin yaradılması layihəsi barədə
məlumatlandırıb. Ə.İsmayılov nümayəndə heyətinə bu reyestrin işə
salınmasından sonra Azərbaycan KİV nümayəndələrinin yararlana
biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki,
onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıb.

Agentlik rəhbəri, həmçinin özbəkistanlı həmkarlarını Azərbaycan
mediasında kadr potensialının inkişafı ilə bağlı müxtəlif
layihələr, ADA Universiteti və Bakı Dövlət Universiteti ilə birgə
təşkil olunan ixtisas artırılması proqramları, məşğələlər, çap
mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər
təşəbbüslər barədə məlumatlandırıb.

Özbəkistanın Milli İnformasiya Agentliyi UzA-nın baş
direktorunun birinci müavini Sobir Şukurov iki ölkə mediası
arasında münasibətlərin inkişafına töhfəsinə görə Azərbaycan
tərəfinə təşəkkürünü bildirib.

“Biz təkcə müstəqil informasiya agentlikləri ilə deyil, həm də
dövlət strukturları ilə təcrübə mübadiləsi aparmaq istərdik. Bizim
əməkdaşlığımız həm də siyasi və normativ aktlar səviyyəsində
genişlənməlidir”, – S.Şukurov deyib.

Onun sözlərinə görə, hər iki ölkənin media sahəsində
qanunvericilikləri çox oxşardır, ona görə də Azərbaycan və
Özbəkistan mediası arasında ikitərəfli əməkdaşlığın inkişafı hər
iki tərəfin xeyrinə olacaq.

Teqlər: