Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb (FOTO)

Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına
məktub ünvanlayıb.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, məktubda Təşkilatın “2022-ci il Dünya Mətbuat
Azadlığı İndeksi”nə münasibət bildirilərək, demokratik cəmiyyətin
mühüm komponentlərindən biri olan media və ifadə azadlığının ölkə
qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun olaraq tam təmin
edildiyi, medianın inkişafının dövlətin prioritet fəaliyyət
istiqaməti olduğu vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında
Medianın İnkişafı Agentliyinin yaradılması, media islahatlarının
dərinləşdirilməsi, özəl sektoru media ilə əməkdaşlığa cəlb edən
böyük layihələrin reallaşdırılması, media subyektlərinin iqtisadi
müstəqilliyinin gücləndirilməsi qeyd edilərək, müvafiq beynəlxalq
reytinqlər tərtib edilərkən bu müsbət təşəbbüslərin nəzərə
alınmamasından təəssüf hissi keçirildiyi bildirilib.

Bildirilib ki, 2021-ci ildə “Sərhədsiz Reportyorlar”
Təşkilatının rəsmi veb-saytında xidməti vəzifələrini yerinə
yetirərkən ermənilərin Kəlbəcər rayonuna basdırdıqları minaya
düşərək həlak olan jurnalistlərlə bağlı məlumatın təhrif edilərək
təqdim edilməsi, faciənin əsl səbəbi və mahiyyətinin açıqlanmaması,
həmin məlumatın qərəzli olaraq Azərbaycanın əleyhinə istifadə
edilməsinə imkan yaratmış və əsassız yanaşmaların formalaşması ilə
nəticələnmişdir.

“2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi” ilə əlaqədar
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri xanım
Janna Kavelyenin “Amerikanın Səsi” beynəlxalq multimedia xəbər
təşkilatına müsahibəsində səsləndirdiyi fikirlər, o cümlədən
Azərbaycanın yeni reytinqini əsaslandırmaq üçün irəli sürülən
arqumentlər özlüyündə tutarlı əsaslara söykənmir və müvafiq İndeks
Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı obyektiv
reallığı əks etdirmir.

Məktubda “Media haqqında” Qanunun müvafiq maddələri bir daha
izah edilir, Azərbaycanda jurnalist fəaliyyətinə görə heç kimin
həbs edilmədiyi vurğulanır və istənilən sahədə inkişafın qarşılıqlı
hörmətə, konstruktiv əməkdaşlığa, bütün tərəflərin obyektiv,
qərəzsiz yanaşmasına əsaslanmalı olduğu bildirilir: “İnanırıq ki,
bir neçə mənbədən, o cümlədən bizim mənbələrdən istifadə edilməsi
“Sərhədsiz Reportyorlar” Təşkilatının təqdim etdiyi xəbərlərin və
hesabatların dəqiqliyini, obyektivliyini və etibarlılığını
artıracaq, ixtilafa yol açan halları aradan qaldıracaqdır”.

Məktubun sonunda bir daha qeyd edilir ki, Medianın İnkişafı
Agentliyi “Sərhədsiz Reportyorlar” Təşkilatı, eləcə də media
sahəsində fəaliyyət göstərən digər təşkilatlarla dialoqa
hazırdır.

Teqlər: