MEDİA və Audiovizual Şuranın iştirakı ilə BDU-da görüş keçirilib (FOTO)

8 aprel tarixində Medianın İnkişafı Agentliyinin İcraçı
direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət
Səttarov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində
olublar. Görüşdə universitetin Sosial məsələlər, tələbələrlə iş və
ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev,
Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və professor-müəllim
heyəti iştirak edib.

AzerTimes-ın
məlumatına görə, əvvəlcə Jurnalistika fakültəsinin Tədris-teleradio
studiyasına baxış keçirilib. Radio və televiziya studiyaları, efir
və montaj otaqları, audiovizual studiyaların fəaliyyəti və BDU TV
internet kanalının işi ilə tanışlıq olub.

Audiovizual Şuranın sədri İsmət Səttarov studiyanın praktik
imkanlarından və yaradıcı mühitdən məmnunluğunu ifadə edərək
müştərək layihələrin həyata keçirilməsini təklif edib. Bildirilib
ki, Tədris tele-tradio studiyasının maddi-texniki potensialı
əsasında müxtəlif formatlı proqramların hazırlanması mümkündür.
Ölkənin radio və televiziya kanalları ilə əməkdaşlıq perspektivli
layihələrin reallaşmasına imkan verəcək. Üçtərəfli əməkdaşlıq
imkanlarını yüksək qiymətləndirən Medianın İnkişafı Agentliyinin
İcraçı direktoru Əhməd İsmayılov tələbələrin praktik fəaliyyətinin
stimullaşdırılmasından danışıb. Gələcəkdə MEDİA Agentliyinin
dəstəyi ilə Jurnalistika fakültəsinin tələbələri üçün
müsabiqələrin, treninqlərin və müxtəlif praktik seminarların
təşkili barədə fikirlərini bildirib.

BDU-nun prorektoru Əliş Ağamirzəyev və Jurnalistika fakültəsinin
dekanı Vüqar Əliyev əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi
istiqamətində faydalı nəticələr verəcəyinə əmin olduqlarını ifadə
ediblər.

Teqlər: