Yanvarın 16-da Azərbaycan Dillər Universitetində (ADU) 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub.
AzerTimes xəbər verir ki, media nümayəndələri və millət vəkilləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. KİV təmsilçilərini maraqlandıran suallar cavablandırlıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla mediaturda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, millət vəkillərinin, medianın tanınmış nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib.
Qeyd olunub ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilib.
Yanvarın 5-dən Azərbaycan Dillər Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanlar üç növbədə – bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 10:00-12:00, 13:00-dan 15:00-dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 16:00-18:00-dək keçiriləcək. Bakalavriatura səviyyəsində 7 minə yaxın, magistratura səviyyəsində isə 586 tələbə imtahan verəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 6-dən 13-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Sessiya fevralın 3-dək davam edəcək.
ADU-da 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir. Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.