“Media haqqında” qanunun qəbulu bu sahədə olan boşluqları doldurub – İsmət Səttarov

Audiovizual Şura audiovizual yayımla bağlı problemləri öyrənmək
üçün araşdırmalara başlayıb. Bu məqsədlə 5 istiqamət üzrə görüşlər
təşkil edilib. Görüşlərdə hər bir istiqamət üzrə problemlər və
onlardan çıxış yolları müzakirə olunub. Görüşlərdə səsləndirilən
bir sıra problemlər konkret istiqamətlər üzrə, bəziləri isə ümumi
audiovizual yayıma aid olub. Ümumi problemlərdən ən başlıcası isə
teleradio yayımı sahəsini tənzimləyən qanunvericiliyə əməl
olunmaması, günün xəbərlərinə çox vaxt verilməməsi müəyyən
edilib.

AzerTimes-ın məlumatına görə, bunu Audiovizual Şuranın sədri İsmət
Səttarov “Dezinformasiyanın artımı: media sahəsinə təsiri və
səmərəli cavab tədbirləri strategiyaları” mövzusunda keçirilən
dəyirmi masada deyib.

“Qeyd etmək lazımdır ki, o vaxt bu sahə 3 qanunla – Kütləvi
informasiyaları haqqında Qanun, Televiziya və radio yayımı haqqında
Qanun və Reklam haqqında qanunla tənzimlənirdi. Bu qanunlardan 2-si
1994 və 2000-ci illərdə qəbul olunub. Sözügedən qanunların
qəbulundan sonra bu sahədə bir çox dəyişikliklər olub.

Keçirilən müzakirələrdən sonra Şuranın daxilində yeni
qanunvericilik təklifləri irəli sürəcək işçi qrupu yaradılıb, bir
neçə ay ərzində Televiziya və Radio yayımı haqqında Qanunun
vəziyyəti, audiovizual yayım haqqında yeni qanun layihəsi işlənib
hazırlanıb, müxtəlif media ekspertləri ilə müzakirə edilib. Bu
qanun layihəsinin qəbul edilməsi kütləvi informasiya vasitələri
haqqında Qanuna və digər qanunverici aktlara dəyişiklik edilməsi
zəruirəti yaradıb. Məsələ müvafiq qurumlar qarşısında qaldırılıb,
bu sahədə xarici ölkə təcrübələri araşdırılıb. Nəticədə ən doğru və
optimal yol kimi, “Media haqqında” qanunun qəbul edilməsi qərara
alınıb”, – deyə İ.Səttarov deyib.

Şura sədri bildirib ki, sözügedən qanunun qəbulu bu sahədə
əvvəlki qanunlarda olan boşluqları doldurub. Köhnə qanunlarda bir
sıra fiziki və praktiki cəhətdən problemlər var idi. Yeni qanunla
bu problemlər aradan qaldırılıb.

Teqlər: