Xəbər - Elçin Mehdiyev – Trend:
“Media haqqında” qanun layihəsinə üçüncü oxunuşda edilən dəyişikliklər məlum olub.
AzerTimes-ın məlumatına görə, dekabrın 29-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin videokonfrans formatında birgə iclası keçirilib.
Videokonfransı açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitələrin bugünkü birgə iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” qanun layihəsinin əvvəlki oxunuşlarında keçirilən geniş ictimai müzakirələrdən və dinləmələrdən danışıb. Milli Məclisin sədri Sahibə Qafarovanın məsələyə xüsusi diqqətini vurğulayan Zahid Oruc keçirilən müzakirələrin nəticələrindən söz açıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənədlə bağlı ictimai müzakirə prosesində media subyektlərinin, həmçinin digər maraqlı tərəflərlə keçirilən görüşlərdə təklif olunan dəyişikliklərdən, qanun layihəsinə tənqidi yanaşanlardan da məmnun qaldıqlarını, dünənki geniş ictimai müzakirədə media nümayəndələrinin qanun layihəsinin indiki formatından razılıqlarını açıq ifadə etdiklərini vurğulayıb. Birinci vitse-spiker qeyd edib ki, yeni qanun layihəsi Venesiya Komissiyası tərəfindən təqdir olunmuş normaların məcmusudur. Yəni hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunların ümumiləşdirilmiş formasıdır.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Media haqqında” qanun layihəsinə təklif olunan dəyişiklikləri bir-bir iclas iştirakçılarının diqqətinə çatdırıb.
Şöbə müdiri bildirib ki, sənədin 13.3-cü maddəsinə informasiya agentliklərinin təklifinə əsasən, media subyektləri üçün informasiya agentliklərinin məlumatlarından istifadə zamanı istinad göstərmək öhdəliyini daha aydın müəyyən etmək üçün “istinadla bağlı tələb istisna olmaqla” sözlərinin əlavə edilməsi təklif olunub.
İkinci düzəliş 14.1.11-ci maddə ilə bağlıdır. Maddədə “faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir” cümləsində media nümayəndələrinin təklifi ilə “şərh olunmalı” sözləri “təqdim olunmalı” sözləri ilə əvəzlənib.
A.Vəliyev məlumat verib ki, layihədə internet televiziyalarının məcburi lisenziyalaşdırılması müddəası nəzərdə tutulmasa da, ictimai müzakirələrdə ən çox narahatlıq bu məsələ ilə bağlı ifadə edilib. Bu yanaşmanın aydın başa düşülmədiyi iddia edildiyindən, layihəyə yeni 30.8-ci maddə əlavə olunub və daha dəqiq göstərilib ki, “Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər”.
Növbəti dəyişikliyin 30.8-ci maddənin əlavə edilməsinin məntiqi davamı olaraq 30.2-ci maddədə də müvafiq istisnanın dəqiq göstərilməsi zərurətindən yarandığı bildirilib. Yəni internet televiziyaları istisna olmaqla digər platforma yayımçıları lisenziya əsasında fəaliyyət göstərir.
Beşinci dəyişikliklə bağlı bildirilib ki, proqramların istehsalında istifadə olunan hər hansı bir texniki avadanlığın uyğunluğunun qiymətləndirilməsi bu layihənin predmeti olmadığı üçün qanun layihəsinin 36-cı maddəsinin “proqramların istehsalı, ötürülməsi və yayımlanmasını” ifadəsində “istehsalı” sözü çıxarılıb.
39.1.2-ci maddədə edilən dəyişiklik 2017-ci ildə qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun müddəaları ilə uyğunlaşdırma xarakteri daşıyır. Milli qanunvericilikdəki yeni yanaşma nəzərə alınaraq, 39.1.2-ci maddənin “tütün istifadəsi prosesinin açıq nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək” müddəasından “açıq” sözü çıxarılıb.
Həmçinin normativ hüquqi akt layihəsinin qəbul olunma prosedurunun yekunlaşacağı vaxtın əvvəlcədən müəyyən edilməsi çoxsaylı müzakirələrə səbəb olduğundan müvafiq 78.4-cü maddə layihədən çıxarılıb.
Bundan başqa, sənədə 78.6-cı maddə əlavə olunub. Yeni maddəyə əsasən, bu Qanunun 26.3.1-ci və 74.2.3-cü maddələri Qanun qüvvəyə mindikdən sonra yaranmış hallara şamil olunur.
A.Vəliyev bununla bağlı bildirib ki, layihənin müvafiq maddələrində ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslərə münasibətdə media subyekti təsis etməyi və jurnalist kimi Media Reyestrinə daxil olunmağı qadağan edən normaların qanunun qəbulundan əvvəl yaranmış münasibətlərə də şamil olunacağına dair fikirlərin qarşısını almaq üçün sözügedən müddəanın təsbiti məqsədəuyğun sayılıb.
Şöbə müdiri diqqətə çatdırıb ki, son dəyişiklik 26.3-cü maddə ilə bağlıdır. Müzakirələrdə bu maddənin müddəalarında siyasi partiya və dini qurumlarla bağlı məsələyə yenidən baxılmış, araşdırılmış və ortaq məxrəcə gəlinmişdir. Belə ki, 26.3.4-cü və 26.3.5-ci maddələr “Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər” məzmununda 26.4-cü maddə ilə əvəzlənməsi məqsədəmüvafiq hesab edilmişdir.