Mədəniyyət Nazirliyi Zakir Sultanovdan 5 milyon manat təzminat istədi – Məhkəmə

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Mədəniyyət Nazirliyinin nümayəndəsi təqsirləndirilən şəxsə qarşı əlavə olaraq 5 milyon 327 min 900 manat dəyərində mülki iddia qaldırıb.

Z.Sultanovun vəkili bildirib ki, zərərçəkmiş ittiham aktında göstərilən zərərin 4 milyon manatını ödəyib. 1,3 milyon manat isə depozitdədir. Ona görə də vəkil iddianın əsassız olduğunu bildirib.

Məhkəmə yerindən müşavirə keçirib, iddianın cinayət işinin materiallarına daxil edilməsi barədə qərar verib.

Daha sonra Z.Sultanovun vəkili məhkəməyə əlavə vəsatətlər vermək üçün vaxt istəyib.

Proses noyabrın 18-də davam etdiriləcək.

Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə günahlandırılır.

Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, Zakir Sultanov İttihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib.

Teqlər: