Mədəniyyət naziri Anar Kərimov teatrsevərləri təbrik edib

Xəbər - Fərid Zöhrabov – Trend:

Mədəniyyət naziri Anar Kərimov teatrsevərləri təbrik edib.

Trend xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli teatr xadimləri, əziz teatrsevərlər!

Bu gün 10 Mart Milli Teatr Günü – Azərbaycanda teatr
sənətçilərinin peşə bayramıdır. 1873-cü ilin bu günündə
M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının
tamaşası ilə peşəkar teatrımız pərdələrini ilk dəfə tamaşaçıların
üzünə açıb.

Azərbaycan teatrı yarandığı vaxtdan bu günə qədər uzun və
şərəfli inkişaf yolu keçərək, bir çox uğurlara imza atıb. Cəhalətlə
mübarizədə ən kəskin silahlardan biri kimi teatr sənəti cəmiyyətin
mədəni-estetik tərbiyəsində mühüm rol oynayıb.

Teatr cəmiyyətin estetik zövqünü tərbiyə etməklə yanaşı, milli
təfəkkürün formalaşdırılmasına xidmət edir.

Sevindirici haldır ki, bu gün Azərbaycan teatrının tamaşaçısı
həm klassik, həm müasir tamaşalara maraq göstərir. Teatrların
repertuarını Azərbaycan və dünya dramaturgiyasının nümunələri
bəzəyir. Ölkəmizdə dövlət teatrları ilə yanaşı, özəl teatrlar da
fəaliyyət göstərir. Rəngarəng teatr mühitini yaratdıqları üçün ən
böyük təşəkkür teatr xadimlərimizə düşür.

Sizi – teatr sənətini sevən bütün vətəndaşlarımızı Milli Teatr
Günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycan teatrı
gündən-günə inkişaf etsin və qlobal miqyasda da öz möhürünü vurmağı
bacarsın!”.

Teqlər: