MEDEF İnternational yanında Fransa-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti Bakıya səfər edəcək

25 Fransa şirkətinin nümayəndələrinin daxil olduğu MEDEF
International yanında Fransa-Azərbaycan İşgüzar Şurasının nümayəndə
heyəti Bakıya səfər edəcək.

Bu barədə AzerTimes-a
MEDEF-dən məlumat verilib.

Səfər aprelin 7 və 8-də baş tutacaq. Nümayəndə heyətinə MEDEF
International-ın baş direktoru Filip Qotye rəhbərlik edəcək.

MEDEF-dən verilən məlumata görə, missiya qlobal koronavirus
pandemiyası və onun iqtisadi nəticələrinə baxmayaraq davam edən
Fransa-Azərbaycan İşgüzar Şurasının fəaliyyəti çərçivəsində təşkil
olunacaq.

Nümayəndə heyətinə nəqliyyat, infrastruktur, enerji (ənənəvi və
bərpa olunan enerji), maşınqayırma, memarlıq, yüksək
texnologiyalar, bank sektoru sahələrində fəaliyyət göstərən
şirkətlərin nümayəndələri daxil olacaq.

“Bu şirkətlərin əksəriyyəti Azərbaycanda və ya qonşu bazarlarda
uğurlu tərəfdaşlıq əlaqələri qurub. Onlar mobillik, ağıllı şəhər
xidmətləri, enerji səmərəliliyi, dayanıqlı infrastruktur, tikinti
və texnologiya kimi sahələrdə aktual problemlərin həll yollarına
malikdirlər”, – MEDEF-dən bildirilib.