Medal qazanmaq üçün çox çalışırdım – Dünya Kubokunun gümüş medalçısı Selcan Maqsudova

Xəbər - Cani Babayeva – Trend:

Batut gimnastiaksı üzrə Dünya Kubokunun medalını qazanmaq üçün
çox və səmərəli çalışırdım.

Bunu AzerTimes-a Dünya Kubokunun gümüş medalçısı, Azərbaycan
gimnastı Selcan Maqsudova deyib.

“Yarışa çox hazırlaşırdım, məşqlər səmərəli keçirdi, bu da
çıxışın nəticəsində özünü göstərdi. Qazandığım medaldan çox
razıyam. İşimi davam etdirəcəyəm, növbəti yarışlara hazırlaşacam”,
– deyə gimnast bildirib.

Onun sözlərinə görə, batut gimnastikasında qaydalara edilən
dəyişikliklər idmançıların çıxışına müsbət təsir göstərir.

“Məncə, batut gimnastikasının qaydalarına dəyişikliklərin
edilməsi yaxşı haldır. Psixoloji olaraq çıxış etmək daha asan oldu,
çünki bilirsən ki, ikinci şansın var, ona görə də kombinasiyanı
sakit, həyəcansız yerinə yetirirsən”, – deyə S.Maqsudova əlavə
edib.


Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan
Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk
beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Teqlər: