MDU Ümummilli Liderə həsr olunan bədii yaradıcılıq müsabiqəsinin seçim turunda təmsil olunub (FOTO)

2022-ci ilin 16 aprel tarixində Ümummilli lider Heydər Əliyevin
anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq
müsabiqə-festivalının seçim turunda iştirak məqsədilə Mingəçevir
Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi Gəncə şəhərində
olublar. Azərbaycan Dövlət Aqrar Universitetinin evsahibliyi ilə
keçirilən seçim turunda regionun bir sıra ali təhsil müəssisələri
təmsil olunublar.

MDU-dan AzerTimes-a
verilən məlumata görə, Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət
Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili
müəssisələrinin tələbələri arasında keçirilən festival gəncləri
milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli
adət-ənənələrimizə hörmət ruhunda hazırlamaq məqsədi daşıyır.

Seçim turunda bədii qiraət, musiqi və rəqs bacarıqlarını nümayiş
etdirən MDU tələbələrinin çıxışı maraqla qarşılanıb.

Tələbələrin ifalarının qiymətləndirilməsi Azərbaycan Milli
Konservatoriyasının müəllimi, xalq artisti, münsiflər heyətinin
sədri Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru,
xalq artisti Təranə Muradova, əməkdar incəsənət xadimi Baba
Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
solisti, xalq artisti Samir Cəfərov, teatrın baş rejissoru, əməkdar
incəsənət xadimi Hafis Quliyev, Təhsil Nazirliyinin baş
məsləhətçisi Maral Salmanova tərəfindən həyata keçirilib.

Qeyd edək ki, müsabiqə-festival qaliblərinin yekun konserti
2022-ci ilin may ayının birinci yarısında Bakı şəhərində
keçiriləcəkdir.

Teqlər: