2022-ci ilin 18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində
keçirilən 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı
Sərgisində (Caspian Agro 2022) Mingəçevir Dövlət Universiteti (MDU)
uğurla təmsil olunub.
Bildirilib ki, “Caspian Agro” Azərbaycanda kənd təsərrüfatı
sahəsində ən böyük beynəlxalq sərgidir. Rekord sayda milli və
regional stendlərin nümayiş olunduğu builki sərgidə ümumilikdə 24
ölkədən 449 şirkət iştirak edib. Sərgi aqrar-sənaye kompleksində
tətbiq olunan mütərəqqi texnologiyalarla tanışlıq, kənd təsərrüfatı
sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə
mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi
baxımından mühüm beynəlxalq platforma hesab edilir.
Sərgidə iştirak edən universitetin əməkdaşları Elvin Muradzadə,
Nurlan Əzizli və tələbə Nurcan Rəcəbov “AZIOT” startap layihəsini
təqdim ediblər. MDU-nun “AZİOT” startap layihəsi kənd təsərrüfatı
məhsullarının itkisiz və ya minimum itki ilə daşınması, məhsulların
marşrut boyunca izlənilməsi kimi problemlərin innovativ həllini
təklif edir.
Layihə bir neçə şirkət tərəfindən maraqla qarşılanıb və
startapın inkişaf etdirilməsi ilə bağlı ilkin razılaşma əldə
edilib.
Hazırda müasirləşmə mərhələsində olan MDU-da gənclərin innovativ
ideyalarının dəstəklənməsi və startap fəaliyyətlərinin təşviq
edilməsi diqqət mərkəzində saxlanılır.