MDU-nun gənc əməkdaşları beynəlxalq seminarda çıxış ediblər

2022-ci ilin 11 mart tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) gənc əməkdaşları Elvin Muradzadə və Nurlan Əzizli Almaniyanın
Siegen Universitetində “Keçid iqtisadiyyatlı ölkələrdə sahibkarlıq”
mövzusunda onlayn formatda təşkil edilən beynəlxalq seminarda çıxış
ediblər. Seminar Siegen Universitetinin qonaq professoru, iqtisad
elmləri doktoru Müslüm İbrahimov tərəfindən keçirilib.

Seminar zamanı iştirakçılar beynəlxalq startap ideyaları ilə
tanış ola biliblər. E.Muradzadə və N.Əzizli optimal infrastrukturun
olmadığı şəraitdə sensor əsaslı monitorinq vasitəsilə qidanın
səmərəli daşınmasının innovativ həllini nəzərdə tutan “IOTIC”
layihəsinin konsepsiyasını təqdim ediblər.

Diqqətə çatdırılıb ki, hər iki əməkdaş MDU və Siegen
Universiteti arasında reallaşdırılan “Sahibkarlıq bacarıqlarının
inkişaf etdirilməsi” adlı birgə layihə çərçivəsində təlimlərdə
iştirak ediblər. Təlimlər sahibkarlıq, biznes-planların
hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış
yolları və digər mövzuları əhatə edib. Təlimləri uğurla başa vuran
universitetin hər iki gənc əməkdaşı ötən ilin 27-28 noyabr
tarixlərində keçirilən Bakı Qida Hakatonunun qalibi olublar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
gənclərin innovativ ideyalarının dəstəklənməsi və startap
fəaliyyətlərinin təşviq edilməsi diqqət mərkəzində saxlanılır.

Teqlər: