2022-ci ilin 2 mart tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) Mühəndislik fakültəsinin təcrübəli akademik heyət üzvləri
tərəfindən “Azərbaycan İES” MMC-nin gənc əməkdaşları üçün təlim
proqramına start verilib.
Diqqətə çatdırılıb ki, MDU və “Azərbaycan İES” MMC arasında
işbirliyi çərçivəsində reallaşdırılan altı günlük təlim proqramı
İES-in gənc, perspektivli əməkdaşlarının nəzəri bilik və
bacarıqlarının möhkəmləndirilməsi məqsədi daşıyır.
Proqrama uyğun olaraq, 2 və 4 mart tarixlərində “Azərbaycan İES”
MMC-nin Tədris Mərkəzində MDU-nun “Mexanika” kafedrasının müdiri,
dosent Mahir İsmayılov “İstilik elektrik stansiyalarının əsas və
köməkçi avadanlıqları. Buxar və qaz turbinləri”, “Bəsləyici suyun
regenerativ qızdırılması. İ-S diaqramı” və “İstilik elektrik
stansiyalarının buxar turbinlərinin tipləri və tətbiq sahələri.
Turbin qurğusunun istilik tsikli” mövzularında təlimlər keçib.
Martın 7-də isə MDU-nun “Energetika” kafedrasının müəllimi
Əbülfət Ədilov tərəfindən “İstilikdəyişdirici aparatlar və onların
növləri” və “Qarışdırıcı aparatlar və onların konstruktiv növləri”
mövularında təlimlər baş tutub.
Proqrama əsasən, 9, 11 və 14 mart tarixlərində “Energetika”
kafedrasının müəllimləri Əbülfət Ədilov və Alim Nəcəfov tərəfindən
təlimlər davam etdiriləcəkdir. Təlimlər “Buxarın aralıq qızdırılma
tsikli və sxemləri”, “Sinxron generatorların stator və rotor
dolağının sınağı”, “Gərginlik transformatorlarının profilaktik
yoxlanması”, “Cərəyan transformatorlarının profilaktik yoxlanması”
və “Kabel xətlərinin və boşaldıcıların sınağı” mövzularını əhatə
edəcəkdir.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr
hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun
təkmilləşdirilməsi, tədqiqatların nəticəyönümlüyü və
səmərəliliyinin artırılması məqsədilə müxtəlif formatlı
təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsi diqqət mərkəzində
saxlanılır. Bu baxımdan energetika sahəsində mühəndis kadrların
hazırlığını həyata keçiriən MDU-da “Azərbaycan İES” MMC ilə
işbirliyinə xüsusi önəm verilir. Cari tədris ilində işbirliyi
çərçivəsində ekskursiya, “dəyirmi masa”, elmi-praktik konfrans və
universitet tələbələri üçün iki həftəlik təlim-təcrübə proqramı
təşkil edilib.