Mingəçevir Dövlət Universiteti (MDU) 2022-ci ilin 22-24 mart
tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil
edilən 5-ci MENA Ali Təhsil Liderlik Forumunda (The 5th MENA Higher
Education Leadership Forum) təmsil olunub. Forum “COVID 19-dan
sonrakı dövrdə ali təhsilin yenidən qurulması: daha çevik ali
təhsil ekosisteminə doğru” (Re-inventing Higher Education Post
COVID-19: Towards a Responsive Higher Education Eco-system)
mövzusunda keçirilib.
Forumda Dünya Bankı, UNESCO, Times Higher Education, Beynəlxalq
Universitetlər Assosiasiyası (IAU), Avropa Universitetləri
Assosiasiyası (EAU) və digər beynəlxalq təşkilatların
nümayəndələri, eləcə də dünyanın 60-dan artıq ölkəsindən 300-dən
çox ali təhsil mütəxəssisləri və universitet rektorları iştirak
ediblər. Forumun açılış mərasimində BƏƏ-nin İnkişaf və gələcək üzrə
dövlət naziri giriş sözü ilə çıxış edib. Üç gün müddətində hibrid
formatda davam edən Forum çərçivəsində post-pandemiya dövründə ali
təhsilin gələcəyi ilə bağlı müxtəlif mövzularda seminarlar,
vebinarlar, plenar iclas, panel müzakirələr, keys təqdimatlar və
dəyirmi masalar təşkil olunub.
Forumda fəal iştirak edən MDU-nun rektoru Şahin Bayramov “Ali
təhsilin yenidən qurulması: rəqəmsallaşma və universitetlərin
gələcəyi” adlı bölmədə çıxış edib. Ş.Bayramov “Yeni dövrün
universitetinə çevrilmək yolunda: Mingəçevir Dövlət Universiteti
təcrübəsi” (Case Study of Mingachevir State University: Becoming a
New Age University”) mövzusunda təqdimat edib.
Ali təhsilin gələcəyinə həsr olunan belə beynəlxalq səviyyəli
tədbirdə iştirak etməkdən məmnunluğunu bildirən rektor Ş.Bayramov
universitet idarəçiliyinin müasir dövrün tələblərinə uyğun həyata
keçirilməsi ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübələrinin
öyrənilməsi baxımından Forumun əhəmiyyətli platformaya çevrildiyini
qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib.
Azərbaycanın dördüncü iri sənaye şəhərində fəaliyyət göstərən
MDU-nun ölkənin gənc universitetlərindən biri olduğunu vurğulayan
Ş.Bayramov təmsil etdiyi ali təhsil müəssisəsinin strateji
hədəflərindən bəhs edib. Yeni dövrün universitetinə çevrilməyin
əsas hədəflərdən olduğunu diqqətə çatdıran rektor dayanıqlı inkişaf
əsaslı universitetə transformasiyanın MDU-da əsas prioritet kimi
müəyyən edildiyini bildirib.
Dayanıqlı inkişaf əsaslı universitet modelinin qlobal
çağırışların və milli siyasətlərin məntiqindən irəli gəldiyini
deyən Ş.Bayramov MDU-nun regional ekosistemin və innovativ
inkişafın drayverinə çevrilməsi məqsədilə son dövrdə həyata
keçirilən fəaliyyətlərdən danışıb, ali təhsilin məzmununun
yenilənməsi, elmi-tədqiqatların səmərəliliyinin artırılması,
beynəlxalq və lokal əməkdaşlıqların qurulması, sənaye ilə
işbirliyinin yaradılması, rəqəmsallaşma və “yaşıl kampus”
konsepsiyası ilə bağlı fikirlərini bölüşüb.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzə ətrafında
müzakirələr aparılıb və təqdim edilən suallar Ş.Bayramov tərəfindən
cavablandırılıb.
Qeyd edək ki, Forumda Azərbaycandan ADA Universitetinin tədris
işləri üzrə prorektoru Vəfa Kazdal və Biznes fakültəsinin dekanı
Elkin Nurməmmədov da iştirak ediblər.
Xatırladaq ki, 2013-cü ildən etibarən iki ildən bir keçirilən
MENA Ali Təhsil Liderlik Forumu ali təhsil liderlərini və qərar
qəbul edənləri bir araya gətirən aparıcı qlobal platformalardan
biri hesab olunur. Builki Forum sürətlə dəyişən və texnologiyalara
əsaslanan qeyri-müəyyən gələcək fonunda ali təhsilin idarə olunması
perspektivləri barədə müzakirələr aparmaq, pandemiyadan öyrənilən
dərslər üzərində düşünmək, innovasiyaları və dəyişiklikləri təşviq
etmək üçün əldə edilən imkanları dəyərləndirmək və yeni
tendensiyaları araşdırmaq, təhsil ekosisteminin adekvat və çevik
olmasını təmin etmək üçün müvafiq strategiya və tövsiyələr təklif
etmək məqsədi daşıyıb. Habelə, rəqəmsal transformasiya, əməkdaşlıq
və beynəlmiləlləşmə, sənaye və akademik tərəfdaşlıqlar, tədqiqatın
təsirləri və digər məsələlərin müzakirə edildiyi Forum ali təhsil
müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlıqlar üçün yeni
imkanlar təqdim edir.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da geniş
coğrafiyaya, elmi və akademik potensiala sahib müxtəlif beynəlxalq
ali təhsil platformalarında iştiraka xüsusi önəm verilir.