2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin
təşkilatçılığı ilə Xocalı faciəsinin otuzuncu ildönümünə həsr
olunmuş “Bəşəriyyətin faciəsi: Xocalı soyqırımı” mövzusunda tədbir
keçirilib. Tədbirdə Xocalı sakinləri, universitetin akademik və
inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov otuz
il əvvəl Xocalıda törədilən bəşər tarixinin ən dəhşətli
hadisələrindən və soyqırım cinayətlərindən danışıb. Müdafiəsiz,
dinc və əliyalın insanları, o cümlədən qocaları, uşaqları və
qadınları xüsusi amansızlıqla qətlə yetirən erməni cəlladlarının
vəhşi və terrorçu xislətindən bəhs edən Ş.Bayramov 44 günlük Vətən
Müharibəsində qazanılan tarixi Zəfərin mənfur düşmənlərimizə ən
kəsərli cavab olduğunu deyib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz
Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın
işğaldan azad edilməsinin xalqımıza sonsuz sevinc və fəxarət
hissləri bəxş etdiyini qeyd edən rektor bu gün Xocalı qurbanlarının
qanlarının yerdə qalmadığına və onların ruhlarının şad olduğuna
əminliyini bildirib.
Otuz il keçməsinə baxmayaraq faciənin heç bir zaman unudulmadığını
və Xocalı qurbanlarının əziz xatirəsinin daim böyük ehtiramla
anıldığını söyləyən Ş.Bayramov bütün şəhidlərimizə rəhmət,
qazilərimizə isə şəfa diləyib.
Xocalı həqiqətlərinin araşdırılması, öyrənilməsi, gənc nəsillərə
ötürülməsi, daha geniş ictimaiyyətə çatdırılması və təbliğ edilməsi
missiyasında ali təhsil müəssisələrinin mühüm rolundan bəhs edən
rektor bununla bağlı universitetdə həyata keçirilən tədbirlərdə
Xocalı faciəsinin canlı şahidlərinin iştirak etməsini önəmli hesab
edib.
Sonra tədbirdə çıxış edən MDU-nun Qarabağdan olan əməkdaşları və
Xocalı sakinləri öz xatirələrini bölüşüblər. Xocalının Qarabağda
strateji mövqeyə sahib olduğunu qeyd edən sakinlər onları doğma
yurdlarından didərgin salan erməni işğalçılarının mənfur
niyyətlərindən, dinc əhaliyə qarşı törətdikləri ağlasığmaz
vəhşiliklərdən bəhs ediblər. Hələ də bu soyqırıma tam olaraq dünya
birliyi tərəfindən ədalətli hüquqi qiymətin verilməməsini və
cinayətkarların cəzalandırılmamasını şiddətlə qınayan Xocalı
sakinləri məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44
günlük Vətən Müharibəsində qəhrəman əsgər və zabitlərimizin döyüş
meydanlarında düşmənə vurduqları sarsıdıcı zərbələr sayəsində
tarixi ədalətin bərpa olunduğunu qeyd ediblər. Ölkəmizdə Xocalı
qurbanlarının xatirəsinin hər zaman yad edilməsi, soyqırımın
beynəlxalq aləmdə tanıdılması, məcburi köçkün və şəhid ailələrinə
dəstək göstərilməsindən danışan sakinlər universitetin bu
proseslərdə fəal iştirakını müsbət qiymətləndirib və göstərilən
diqqətə görə təşəkkürlərini bildiriblər.
Sonra tədbir MDU-nun Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində
fəaliyyət göstərən Hərbi Vətənpərvərlik Klubunun təşkil etdiyi
bədii hissə ilə davam edib.
Sonda, TGT-nin “Art klub”u və “BİR” tələbə-könüllüləri
tərəfindən təşkil edilən rəsm sərgisində MDU tələbələrinin Xocalı
faciəsindən bəhs edən rəsmlərinə baxış keçirilib.
Qeyd edək ki, MDU-da Xocalı soyqırımının otuzuncu ildönümünə həsr
olunan silsilə tədbirlər davam edir.