MDU-da “Şuşa İli” çərçivəsində Xurşudbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib

2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universiteti
(MDU), Mingəçevir şəhər Texniki və Humanitar lisey və 7 nömrəli tam
orta məktəbin birgə təşkilatçılığı ilə “Şuşa ili” çərçivəsində
Xurşudbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Dürrü Yekta: MDU-da
Məclisi Üns” adlı tədbir keçirilib.

Universitetdən AzerTimes-a verilən məlumata görə, tədbirin
açılışında MDU-nun rektoru Şahin Bayramov, Mingəçevir şəhər Texniki
və Humanitar liseyin direktoru Nailə Məmmədova və Mingəçevir şəhər
7 nömrəli tam orta məktəbin direktoru Anar İsmayılov çıxış
edib.

Açılış nitqində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və
yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində qazanılan
şanlı Zəfərdən bəhs edən MDU-nun rektoru Ş.Bayramov doğma
Qarabağın, o cümlədən Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın
düşmən işğalından azad olunmasının hər birimizə sonsuz fəxarət və
qürür hissləri bəxş etdiyini qeyd edib. Tariximizə Zəfər günü kimi
həkk olan Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq dastanına
çevrildiyini və daim xatırlanacağını vurğulayan rektor ölkəmizin
ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə rəhmət,
qazilərə isə şəfa diləyib.

Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin müvafiq Sərəncamına
əsasən 2022-ci ilin “Şuşa İli” elan edildiyini diqqətə çatdıran
Ş.Bayramov bununla əlaqədar olaraq universitetdə nəzərdə tutulan
silsiləvi tədbirlər barəsində məlumat verib. Tarixi və mədəni
irsimizin öyrənilməsi və gənc nəsil arasında təbliğinin
aparılmasında ali təhsil müəssisələri qarşısında duran vəzifələrdən
bəhs edən rektor bu baxımdan Qarabağ ədəbi mühitinin görkəmli
simalarından olan Xurşudbanu Natəvanın 190 illik yubileyinə həsr
edilmiş tədbirin önəmini vurğulayıb.

MDU-nun şəhərin iki qabaqcıl ümumtəhsil məktəbi ilə işbirliyi
çərçivəsində baş tutan tədbirin təşkilində əməyi olanlara
təşəkkürünü bildirən Ş.Bayramov təhsil müəssisələri arasında
qarşılıqlı faydalı əməkdaşlığın davamlılığını arzulayıb.
Universitetin kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu
bildirən Mingəçevir şəhər Texniki və Humanitar liseyin direktoru
Nailə Məmmədova son dövrdə MDU ilə müxtəlif formatlarda qurulan
əməkdaşlıq əlaqələrindən bəhs edib.

“Şuşa İli” çərçivəsində qələbə əhval ruhiyyəsi ilə ortaq
tədbirlərin keçirilməsinin, eləcə də Qarabağın parlaq simalarından
biri olan “Xan qızı” Xurşidbanu Natəvanın yubileyinin qeyd
edilməsinin qürurverici olduğunu vurğulayan N.Məmmədova bu cür
fəaliyyətlərdə tələbə və şagirdlərin birgə iştirakının əhəmiyyətini
diqqətə çatdırıb və onlara uğurlar arzulayıb.

Son dövrdə universitetlə qurulan əməkdaşlıq əlaqələrinin dinamik
şəkildə inkişaf etdiyini qeyd edən Mingəçevir şəhər 7 nömrəli tam
orta məktəbin direktoru Anar İsmayılov bu prosesdə yaxından iştirak
edən və dəstək göstərən təhsil müəssisələrinin kollektiv üzvlərinə,
tələbələrə və şagirdlərə təşəkkürünü çatdırıb.

Regionda təhsilin inkişafında universitet-məktəb əməkdaşlığının
rolunu yüksək qiymətləndirən A.İsmayılov MDU ilə işbirliyi
çərçivəsində şagirdlərin müxtəlif mövzularda maarifləndirilməsinə
və onların hərtərəfli inkişafına hədəflənən ortaq fəaliyyətlərin
reallaşdırılmasının şəhər ictimaiyyəti tərəfindən rəğbətlə
qarşılandığını qeyd edib. “Şuşa İli” çərçivəsində keçirilən
tədbirlərə şagirdlərin böyük maraq göstərdiklərini vurğulayan
məktəb direktoru birgə fəaliyyətlərin gənc nəslin vətənpərvərlik
ruhunda yetişdirilməsi işinə mühüm töhfələr verəcəyinə inandığını
söyləyib.

Sonra, tədbir ədəbi-bədii hissə ilə davam edib. “Xan qızı”
Xurşudbanu Natəvanın yaratdığı “Məclisi-Üns” ədəbi məclisini
səhnələşdirən tələbə və şagirdlərin təqdimatında görkəmli
Azərbaycan şairəsinin yazdığı və ona ithaf edilmiş qəzəllər
səsləndirilib. Tədbirdə Mingəçevir şəhər 11 saylı musiqi məktəbinin
müəllimi İsa Museyibov mahnı ifa edib.

Daha sonra, universitetin həyətində təşkil olunan sərgidə
tələbələr “Şuşa İli”nə həsr etdikləri rəsmləri nümayiş etdiriblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, MDU-da “Şuşa ili” çərçivəsində silsilə tədbirlərin
keçirilməsi nəzərdə tutulub.

Teqlər: