Mingəçevir Dövlət Universitetində (MDU) “Mingəçevir Valideynlər
Assosiasiyası” İctimai Birliyinin (MVA) təşkilatçılığı, şəhər 3, 4,
10 və 11 saylı tam orta məktəblərin direktorları və valideynlərin,
eləcə də universitetin bir qrup akademik və inzibati heyət üzvünün
iştirakı ilə müzakirələr keçirilib.
MDU-dan AzerTimes-a bildirilib ki, əvvəlcə, MVA-nın İdarə Heyətinin
üzvü Yeganə Nəbiyeva ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)
tərəfindən maliyyələşdirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti –
ECSOFT” proqramı çərçivəsində həyata keçirilən “Valideynləri
məktəbin idarəçiliyinə cəlb edək” layihəsi haqqında ətraflı məlumat
verib.
Sonra, valideyn-məktəb münasibətlərinin təkmilləşdirilməsindən
bəhs edən MVA-nın rəhbəri Fərman Nəbiyev bu məqsədlə sözügedən
layihədə nəzərdə tutulmuş başlıca məsələləri diqqətə çatdırıb.
Məktəblərdə ictimai şuraların yaradılmasının zəruriliyini
vurğulayan F.Nəbiyev layihə çərçivəsində bununla bağlı hazırlanmış
müvafiq sənəd layihələrinin müzakirəyə çıxarılmasının hazırki
görüşün əsas məqsədi olduğunu bildirib.
Daha sonra çıxış edən məktəb direktorları, direktor müavinləri,
valideynlər, MDU-nun akademik və inzibati heyət üzvləri təqdim
edilən sənəd layihələri ilə bağlı fikirlərini bölüşüb və müvafiq
təkliflərini irəli sürüblər.
Görüş layihə çərçivəsində qarşıda duran vəzifələrin müzakirəsi
ilə başa çatıb