MDU-da ideoloji maarifləndirmə çərçivəsində növbəti seminar keçirilib (FOTO)

2022-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) Pedaqoji fakültəsində “Birinci
vitse-prezident Mehriban Əliyevanın humanitar missiyası” mövzusunda
seminar keçirilib. Seminar “MDU-da ideoloji maarifləndirmə
konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində baş tutub.

MDU-nun Pedaqoji fakültəsinin dekanı dosent Nizami Zeynalovun
moderatorluğu ilə keçirilən seminarda universitetin akademik və
inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak
ediblər.

Seminarı giriş sözü ilə açan MDU-nun Elm və innovasiyalar
şöbəsinin müdiri Vüqar Mustafayev müasir Azərbaycan qadınının qürur
doğuran obrazını dünyaya layiqincə təqdim edən və dövlətimizin
inkişafında misilsiz xidmətlər göstərən Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın zəngin, çoxşaxəli və nümunəvi
fəaliyyətinin öyrənilməsi və təbliğinin gənclərin vətənpərvərlik
ruhunda yetişdirilməsi işinə mühüm töhfə verdiyini diqqətə çatdırıb
və seminarın işinə uğurlar arzulayıb.

Sonra, seminarın proqramına uyğun olaraq məruzələr
dinlənilib.

MDU-nun Pedaqogika və psixologiya kafedrasının dosenti Sahib
Məmmədov “Təhsilə yüksək qayğı və dəstək nümunəsi: Mehriban
Əliyeva”, Pedaqoji fakültənin dekan müavini Sevinc Süleymanova
“Mehriban Əliyeva – şəfqət, mərhəmət və insanlığın simvolu” və
Humanitar fənlər kafedrasının müəllimi Aygün Qədirova “Milli-mənəvi
irsin qorunması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın fəaliyyətinin prioritet istiqamətlərindəndir“
mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
humanist, xeyriyyəçi, nüfuzlu ictimai-siyasi xadim kimi ölkəmizin
hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə verdiyi sanballı
töhfələrdən, təhsil, səhiyyə və mədəniyyətin inkişafında, ölkəmizin
beynəlxalq imicinin yüksəlməsində göstərdiyi əvəzolunmaz
xidmətlərdən bəhs edilib.

Bildirilib ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham
Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı
sayəsində düşmən işğalından azad olunmuş əzəli doğma yurdlarımızın
dirçəldilməsi, tarixi, dini və mədəni abidələrin bərpası
istiqamətində görülən işlərdə Mehriban xanım yüksək həssaslıq və
fədakarlıq nümayiş etdirir. Uzun illər erməni vandalizminə məruz
qalmış Qarabağın, o cümlədən mədəniyyət paytaxtımız olan Şuşanın
tarixi simasının özünə qaytarılması, doğma torpaqlarımızda
xalqımızın mənəvi, tarixi, mədəni irsinin yenidən yaşadılması,
qorunması və təşviqi üçün onun məqsədyönlü, sistemli və yorulmaz
fəaliyyəti mühüm tarixi əhəmiyyətə malik humanitar missiya kimi
dəyərləndirilib.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
Vətənə, xalqa və dövlətə bağlı mütəxəssis kadrların yetişdirilməsi
məqsədilə tələbə gənclərin ideoloji maarifləndirilməsi diqqət
mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq tədbirlərin həyata
keçirilməsinə xüsusi önəm verilir.

Teqlər: