2022-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) rektoru Şahin Bayramov Dövlət Məşğulluq
Agentliyinin (DMA) 20 saylı Ərazi Məşğulluq filialının müdiri Babək
Tağıyev ilə görüşüb. Görüşdə filialın şöbə müdiri Pərviz Hüseynov,
rektorun müşaviri Ramin Məmmədov və universitetin Karyera və
İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov da iştirak ediblər.
Görüşdə əmək bazarının mövcud tələbləri və təqdim olunan
məşğulluq xidmətləri barədə universitetdə müntəzəm olaraq
məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsi,
tələbə və məzunların karyera inkişafının dəstəklənməsi və
qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı birgə əməkdaşlığın
potensial istiqamətləri müzakirə olunub və müvafiq layihələr
çərçivəsində işbirliyinə dair ilkin razılıq əldə olunub.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
təhsilalanların karyera inkişafı diqqət mərkəzində saxlanılır və bu
istiqamətdə tərəfdaşlarla birgə fəaliyyətlərin həyata keçirilməsinə
xüsusi önəm verilir.