MDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib (FOTO)

2022-ci ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş
“Milli Tariximizin ən böyük faciəsi: Mart Soyqırımı” mövzusunda
elmi konfrans keçirilib. Konfransda universitetin akademik və
inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak
ediblər.
Soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başlayan tədbirin açılışında MDU-nun rektoru Şahin
Bayramov çıxış edib.
Konfrans iştirakçılarını salamlayan rektor 104 il ötməsinə
baxmayaraq tariximizin qan yaddaşına çevrilən Mart soyqırımının
eyni acı ilə xatırlandığını və heç bir zaman unudulmayacağını
bildirib, faciə qurbanlarının daim böyük ehtiramla anıldığını qeyd
edib.
1918-ci ilin mart-aprel aylarında erməni təcavüzkarları tərəfindən
xalqımıza qarşı törədilmiş soyqırımı aktlarından, Azərbaycanın
müxtəlif bölgələrində baş vermiş erməni terroru və vəhşiliklərindən
bəhs edən Ş.Bayramov Allahdan soyqırımı qurbanlarına və bütün
şəhidlərimizə rəhmət diləyib.
Soyqırıma siyasi və hüquqi qiymətin verilməsinin xalqımızın
ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan
rektor Ulu Öndərin müvafiq Fərmanı ilə hər 31 Mart tarixinin
Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu bildirib.
Hazırda Mart soyqırımı barədə həqiqətlərin ölkə və dünya
ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə mühüm dövlət
tədbirlərinin həyata keçirildiyini qeyd edən Ş.Bayramov tarixi
həqiqətlərin öyrənilməsi, gənc nəsillər arasında təbliğ edilməsi,
dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən bəhs edib və
bununla bağlı, MDU-da fərqli formatlarda tədbirlərin həyata
keçirilməsinə xüsusi əhəmiyyət verildiyini bildirib.
Konfransda MDU-nun akademik heyət üzvlərindən dosent Nizami
Zeynalov “Tarixşünaslıqda 31 mart 1918-ci il soyqırımı hadisələrinə
müasir yanaşma”, baş müəllim Rahilə Məmmədova “31 Mart soyqırımı
həqiqətlərinin bədii əsərlərdə əksi”, baş müəllim İlham Məmmədov
“1918-ci il 31 mart soyqırımını doğuran səbəblər və tarixi şərait”
və müəllim Aygün Qədirova “1918-ci il Mart soyqırımının siyasi
hədəfləri və çağdaş Azərbaycan istiqlalı” mövzusunda məruzələrlə
çıxış ediblər.
Daha sonra, konfrans iştirakçıları tərəfindən məruzələr ətrafında
geniş fikir mübadiləsi aparılıb, tariximizin qanlı səhifəsini
təşkil edən soyqırım hadisəsinin tarixi dərslərindən bəhs
edilib.
Sonda konfransda iştirak edən tələbələr Vətənpərvərlik mövzusunda
ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin
keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin
vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında
müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm
verilir.

Teqlər: