MDU-da akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib (FOTO)

2022-ci ilin 28 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) görkəmli oftalmoloq alim, akademik Zərifə
Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Zərifə
Əliyeva: xalqımızın daim parlayan və ürəklərdə yaşayan ulduz
qadını” adlı tədbir keçirilib. Tədbirdə universitetin akademik və
inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak
ediblər.

Tədbirdə MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent
Esmira Cəfərova giriş sözü ilə çıxış edib. Zərifə xanımın mənəvi
zənginliyin ən uca zirvələrində qərar tutduğunu və xalqımızın
qəlbində əbədi sevgi qazandığını bildirən E.Cəfərova nəcib və
insanpərvər Azərbaycan qadınının çoxşaxəli və zəngin fəaliyyətindən
bəhs edib. Azərbaycanın tibb elmində parlaq səhifələr açan
akademikin əziz xatirəsinin daim böyük ehtiramla yad edildiyini
qeyd edən E.Cəfərova Zərifə xanım Əliyevanın nümunəvi ömür yolunun
gənc nəsil arasında təbliğ edilməsinin önəmini diqqətə
çatdırıb.

Sonra, tədbirin proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun Xarici dillər kafedrasının müdiri, dosent Zenfira Əzizova
“Alim, Vətəndaş, İnsan: Zərifə xanım Əliyeva” və Humanitar fənlər
kafedrasının dosenti Flora Namazova “Zərifə xanım Əliyeva:
ürəklərdə əbədi yaşayan işıqlı xatirə” mövzusunda məruzələrlə çıxış
ediblər.

Məruzələrdə Z.Əliyevanın görkəmli alim, ziyalı, müəllim, həkim
kimi çoxşaxəli, məhsuldar elmi və pedaqoji fəaliyyətindən, tibb
sahəsində əldə etdiyi nailiyyətlərdən, yeni nəslin
yetişdirilməsindəki rolundan, vəfalı həyat yoldaşı, fədakar və
qayğıkeş ana kimi ailəsinə sədaqətindən və milli dəyərlərimizə
bağlılığından bəhs edilib.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da Azərbaycanın görkəmli şəxsiyyətləri və elm
xadimlərinin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə
xüsusi əhəmiyyət verilir, onların zəngin irsinin öyrənilməsi,
nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında
təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.

Teqlər: