İcbari tibbi sığorta ilə bağlı 5 milyona yaxın nömrəyə SMS göndərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən
əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini
artırmaq məqsədi ilə genişmiqyaslı maarifləndirmə kampaniyasına
başlanılıb.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, kampaniyanın əsas
istiqamətlərindən biri SMS maarifləndirmə işinin həyata
keçirilməsidir. Görülən tədbirlər çərçivəsində Azərbaycanın
müxtəlif mobil operatorlarına aid 4 860 000 mobil (dörd milyon
səkkiz yüz altmış min) nömrəyə məlumatlandırıcı SMS göndərilib.

SMS-lərdə hər kəsin icbari tibbi sığorta ilə TƏBİB-in
tabeliyindəki tibb müəssisələrində tibbi xidmətlərdən ödənişsiz
istifadə edə bilməsi ilə bağlı məlumat və Agentliyin rəsmi internet
səhifəsinə keçid etmək üçün link təqdim
edilir. Linkə daxil olarkən açılan səhifədə icbari tibbi sığorta
ilə bağlı vətəndaşa lazımi bütün məlumatlar və təlimat videosu yer
alıb.

Maarifləndirmə tədbirlərinin digər bir istiqaməti ölkədə
fəaliyyət göstərən bütün 25 “ASAN Xidmət” və “ASAN Kommunal”
mərkəzlərində, eləcə də TƏBİB-in tabeliyindəki 16 tibb
müəssisəsində quraşdırılan monitorlarda icbari tibbi sığorta ilə
bağlı maarifləndirici videoçarxların nümayişidir. Videolarda icbari
tibbi sığorta hesabına tibbi xidmətlərdən istifadə qaydası, icbari
tibbi sığortanın təminat verdiyi tibbi xidmətlər, özəl tibb
müəssisələrinə göndərişlərin verilməsi, habelə Çağrı mərkəzi
haqqında məlumatlar öz əksini tapıb.

Bundan başqa, ASAN radioda yayımlanan “Bir sual, bir cavab”
rubrikası vasitəsilə “İcbari tibbi sığorta ilə tibbi xidmətlərdən
istifadə qaydası”, “Xidmətlər Zərfi”, “İcbari tibbi sığorta ilə
özəl tibb müəssisələrində tibbi xidmətdən istifadə imkanı”,
“Göndərişlərin verilməsi qaydası”, “İcbari tibbi sığorta
çərçivəsində dərmanlarla təminat”, “Rayon qeydiyyatında olan
şəxslərin Bakıda tibbi xidmətlər alması” kimi mövzularda
dinləyicilərə məlumatlar çatdırılır.

Həmçinin “Real TV”-nin canlı efirində hər həftənin çərşənbə günü
“Tibbi sığorta saatı” verilişi yayımlanır. Sözügedən verilişin
yayımına ötən ilin dekabr ayından başlanılıb. Agentliyin və “Real
TV”-nin birgə əməkdaşlığının nəticəsi olan bu layihə çərçivəsində
izləyicilərə Agentliyin məsul əməkdaşları, həkimlər və digər
ekspertlər tərəfindən icbari tibbi sığorta, Xidmətlər Zərfi ilə
təminata alınan tibbi xidmətlər və digər mövzular haqqında ətraflı
məlumat verilir. Veriliş Agentliyin və “Real TV”-nin sosial
şəbəkələrdəki səhifələrində də yayımlanır. Canlı yayım zamanı və
ondan sonrakı müddətdə sosial şəbəkə istifadəçiləri tərəfindən
daxil olan suallar Agentliyin nümayəndəsi tərəfindən operativ
cavablandırılır.

Maarifləndirmə kampaniyası istiqamətində dövlət və qeyri-dövlət
qurumlarının əməkdaşlarının icbari tibbi sığorta haqqında
məlumatlandırılması da həyata keçirilir. Bu məqsədlə 59 quruma
ödənişsiz əsaslarla məlumatlandırıcı seminarların keçirilməsi
barədə müraciət edilib. Müraciətlərə əsasən cari ildə artıq 14
məlumatlandırıcı seminar keçirilib.

Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində
Agentliyə dəstək olan bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü
bildiririk və əməkdaşlığımızın davamlı olmasını arzulayırıq.

Teqlər: