MDU-da 3 saylı orta məktəblə birgə Zəfər Gününə həsr edilən tədbir keçirilib (FOTO)

2021-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “8 noyabr- Zəfər Günü”nə həsr olunan “Zəfərin mübarək, ey Vətən!” adlı ədəbi-bədii tədbir keçirilib. Böyük akt zalında təşkil olunan tədbirdə unversitetin və məktəbin inzibati və pedaqoji heyət üzvləri, tələbələr və şagirdlər iştirak ediblər.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və Mingəçevir şəhər 3 saylı tam orta məktəbin direktoru Gültəkin Quliyeva çıxış ediblər.

Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətdən bəhs edib və Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Tarixi Zəfərin əldə edilməsində mühüm pay sahibi olan qəhrəman əsgər və zabitlərimizlə qürur duyduğunu bildirən Ş.Bayramov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyib.

Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin təhsil müəssisələri qarşısında dayanan əsas vəzifələrdən biri olduğunu vurğulayan Ş.Bayramov şəhər 3 saylı tam orta məktəblə birgə keçirilən tədbirin önəmindən danışıb və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Otuz illik yurd həsrətinə son qoyan şanlı Zəfərin yaxın günlərdə bir illiyinin tamam olacağını qeyd edən məktəb direktoru G.Quliyeva tarixi əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Əzəli torpaqlarımızın uzun müddət erməni vandalizminə məruz qaldığını qeyd edən G.Quliyeva tarixi Zəfərdən dərhal sonra möhtərəm Prezidentimizin müvafiq tapşırıqları əsasında doğma Qarabağın sürətli və hərtərəfli dirçəlməsinin şahidi olmaqdan böyük sevinc və qürur hissi keçirdiyini bildirib.

Məktəblərdə vətənpərvərlik tərbiyəsinin önəmini diqqətə çatdıran G.Quliyeva bu məqsədlə universitetlə ortaq təşkil edilən bu tipli tədbirlərin davamlı olacağına əminliyini bildirib və iştirakçılara uğurlar arzulayıb.

Sonra, MDU-nun Xarici dillər kafedrasının dosenti, əməkdar müəllim Mayıl İsmayılov “44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir” mövzusunda çıxış edib.

Tarixi Zəfərə həsr olunan videoçarxın nümayişindən sonra tədbir ədəbi-bədii hissə ilə davam edib. Tələbə və şagirdlərin ifasında azərbaycan, ingilis və rus dillərində vətənpərvərlik mövzusunda müxtəlif kompozisiyalar, şeirlər və mahnılar səsləndirilib, rəqslər təqdim edilib.

Qeyd edək ki, gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verən MDU-da Vətən müharibəsinə və əldə edilən tarixi Zəfərə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

Teqlər: