2022-ci ilin 1 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Mühəndislik fakültəsinin tərkibində fəaliyyət göstərən
Mexanika kafedrasının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə
Gününə həsr edilmiş seminar keçirilib. Açıq hava şəraitində təşkil
olunan seminarda universitetin akademik və inzibati heyət üzvləri,
tələbələr və magistrantlar iştirak ediblər.
Tədbirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan
olunmuş bu günün qeyd edilməsində başlıca məqsədin ictimaiyyətin
diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb edilməsi
olduğu bildirilib. Hər il konkret bir problemə həsr edilən
Beynəlxalq Mülki Müdafiə Gününün bu ilki mövzusunun “Fəlakətlər və
böhranlar səbəbindən köçkün düşmüş əhalinin idarə edilməsi və mülki
müdafiə; Könüllülərin rolu və pandemiya ilə mübarizə” ilə əlaqəli
olduğu diqqətə çatdırılıb.
Universitetin Mexanika kafedrasının əməkdaşlarından Ariz Abbasov
və İlham Məmmədov çıxışlarında əhalinin təhlükəsizliyi və
mühafizəsinin, fövqəladə hallardan mühafizə sahəsində hazırlığının
təmin edilməsinin mülki müdafiə qarşısında duran əsas vəzifələr
olduğunu qeyd edib, tələbələri fərdi mühafizə vasitələrindən
istifadə və radiasiya şəraitində davranış qaydaları barədə
məlumatlandırıb və bununla bağlı müvafiq təlimatları praktiki
olaraq nümayiş etdiriblər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hər il 1 mart tarixi Ümumdünya Mülki Müdafiə Günü
kimi qeyd olunur. Gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində
saxlayan MDU-da tələbələrin fövqəladə hallarda mülki müdafiə
hazırlığının təmin edilməsi ilə bağlı müvafiq maarifləndirici
tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.