Maye halında 308 kq-a yaxın psixotrop maddə aşkarlanıb

Gömrükçülər tərəfindən külli miqdarda psixotrop maddənin
qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən
Trend
-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası
ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “ferrosilikon”
yükü aparan 72AA511/72AA512 dövlət nömrə nişanlı “Volvo” markalı
nəqliyyat vasitəsi Culfa dövlət sərhədindən buraxılış məntəqəsində
risk meyarı əsasında rentgen qurğusundan keçirilməklə yoxlanılıb.
Analiz zamanı su və yanacaq çənlərində şübhəli təsvirlər müəyyən
edildiyindən nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub.

Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinə fiziki gömrük
baxışı həyata keçirilib. Bu zaman yanacaq və su çənlərində süni
olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş gizli saxlanc
yerlərindən xalis çəkisi 307 kiloqram 900 qram olan maye halında
psixotrop maddə – metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının
ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I
Siyahısı”na daxildir.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük
Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq
cinayət işi başlanılıb.

Teqlər: