Mask “Twitter”-in illik gəlirini 26,4 milyard dollara çatdırmağı hədəfləyir

Amerikalı sahibkar, SpaceX və Tesla şirkətlərinin qurucusu İlon
Mask 2028-ci ilə qədər “Twitter”-in illik gəlirini 26,4 milyard
dollara çatdırmağı hədəfləyir.

Trend “The New
York Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə
milyarderin özü bildirib.

Qeyd olunur ki, Mask sosial şəbəkənin illik gəlirini beş dəfədən
çox artıraraq, 2028-ci ilə qədər 26,4 milyard dollara çatdırmağı
planlaşdırdığını bildirib. Nəşr 2021-ci ildə şirkətin gəlirinin 5
milyard dollar təşkil etdiyini vurğulayır.

Qəzetin istinad etdiyi sənəddə iddia edilir ki, sahibkar gəlir
üçün “Twitter”-in reklamdan asılılığını azaltmaq istəyir.

Maskın planına görə, 2028-ci ildə reklam ümumi gəlirin təxminən
45%-ni (12 milyard dollar) təşkil edəcək, 2020-ci ildə isə şəbəkə
gəlirinin təxminən 90%-i reklamdan əldə edib.

Bundan əlavə, Mask 2028-ci ilə qədər Twitter istifadəçilərinin
sayının 931 milyona çatacağını gözləyir.