Masallıda taxıl sahəsi qəsdən yandırıldı – Video

Masallıda taxıl sahəsi qəsdən yandırıldı – Video

Masallı rayonunda taxıl sahəsinin xüsusi qurğu vasitəsilə qəsdən yandırılması faktı aşkarlanıb.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 30-da Masallı rayonunun Qəriblər kəndi ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib. Bu istiqamətdə araşdırma aparan DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yanğın baş vermiş ərazidə üzərində xüsusi böyüdücü lupanın yerləşdirildiyi qurğunun aşkar edilməsi barədə məlumat daxil olub. İdarənin əməkdaşları tərəfindən hadisə yerində qurğuya baxış keçirilərkən onun üzərində həqiqətən də lupanın yerləşdirildiyi və günəş şüalarının fokuslaşması nəticəsində günün isti vaxtlarında quru otların alışmasına şərait yaratdığı müəyyən edilib ki, bu da yanğının qəsdən törədilməsinə əsaslı şübhələr yaradır.

Qeyd olunanları nəzərə alaraq, faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Teqlər: