Xəbər - İlhamə İsabalayeva – Trend:
Erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət olub.
Bunu AzerTimes-a Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Onun sözlərinə görə, əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən, məsələn, 1905-1906-cı il qırğınlarından ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart soyqırımı olmaya da bilərdi:
“Əgər 31 martı haqqında bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır”.
M.Qasımlı qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.
Deputat əlavə edib ki, erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyətinin və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Lakin onlar istəklərinə nail ola, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu:
“Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin və torpağının sahibi oldu”.