“Marsel” – “Qarabağ” oyununun keçiriləcəyi yer hələ məlum deyil

Xəbər - Fərid Zöhrabov – Trend:

“Marsel” – “Qarabağ” oyununun harada keçiriləcəyi ilə bağlı yeni bir məlumat yoxdur.

Bu barədə Trend-ə “Qarabağ” klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, UEFA klublarla vaksinasiya ilə bağlı 2 meyarı əsas götürür.

Gündüz Abbaszadə bildirib ki, birinci şərt səfərə gedən şəxslərin peyvənd olunub-olunmamasıdır. İkincisi isə klubun səfər etdiyi ölkənin həmin vaksini tanımamasıdır. “Burada isə artıq məsuliyyəti oyunu qəbul edən tərəf daşıyır. “Marsel” komandası “Qarabağ”la oyunu Fransada oynamaq istəyir. Fransa hökuməti “Sinovac” vaksinini qəbul etmədiyinə görə, UEFA hökumətə müraciət edib, istisna hal kimi matçın evdə oynanılmasına icazə alınmalıdır, yaxud da qarşılaşma neytral ölkədə oynanılmalıdır.

“Marsel” yerli hökumətə müraciət edərək istisna hal kimi “Qarabağ”ın Fransaya səfər etməsinə çalışır. Bu barədə Fransa hökuməti müraciətə hələ cavab verməyib. Yəqin ki, yaxın günlərdə oyunun harada keçiriləcəyi məlum olacaq. Biz də veriləcək cavabı gözləyirik”, – deyə o qeyd edib.

Qeyd edək ki, “Qarabağ” – “Marsel” ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Teqlər: