Maqsud Mahmudov 14 il azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki
cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə
keçirilən prosesdə Maqsud Mahmudovun vəkili müdafiə çıxışı edib. O
bildirib ki, Maqsud Mahmudov 1993-cü ildən sonra psixi pozğunluqla
bağlı müalicə alıb və o, cinayəti törədərkən anlaqsız olub.
Müdafiəçi buna görə də məhkəmə istintaqının yenidən təzələnməsi ilə
bağlı vəsatət qaldırıb.

Dövlət ittihamçısı və zərərçəkmişlər vəsatətin rədd edilməsini
istəyib.

Məhkəmə yerində müşavirə keçirərək vəsatəti rədd edib.

Maqsud Mahmudov son söz dedidkdən sonra məhkəmə müşavirəyə
yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin
hökmü ilə Maqsud Mahmudov 14 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Maqsud Mahmudovun ittihamlarda
təqsirinin sübuta yetirildiyini bildirib və onun 14 il azadlıqdan
məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli
miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər
Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud
Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində
tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa
təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama
maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.

Teqlər: