Azərbaycan və Tacikistan arasında qida və kənd təsərrüfatı məhsullarının qarşılıqlı dövriyyəsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib (FOTO)

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)
sədri Qoşqar Təhməzli ilə Tacikistan Respublikasının kənd
təsərrüfatı naziri Sadi Kərimzoda arasında ikitərəfli görüş
keçirilib.

Görüşdə Azərbaycanın qida təhlükəsizliyi sistemindən bəhs edən
AQTA sədri Qoşqar Təhməzli sahənin inkişaf etdirilməsi
istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb, həyata
keçirilən yeniliklər, o cümlədən innovativ həllərin tətbiqi
üzərində keyfiyyətin yüksəldilməsi ilə ümumilikdə əldə olunan
nailiyyətləri qeyd edib. Eyni zamanda ölkələr arasında qida
məhsullarının idxal-ixrac prosesinin daha səmərəli təşkili,
həmçinin heyvan, bitki sağlamlığı və qida təhlükəsizliyi sahəsində
təcrübə mübadiləsinin genişləndirilməsinin, iki ölkə arasında qida
təhlükəsizliyinin təmin olunmasında ikitərəfli görüşlərin davam
etdirilməsinin faydalı olacağı vurğulanıb.

Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Sadi
Kərimzoda bütün sahələr, o cümlədən qida təhlükəsziliyi sahəsində
ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını
diqqətə çatdırıb, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq
imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə idxal-ixrac proseslərinin sadələşdirilməsi,
operativliyin təmin olunması məqsədilə Tacikistanın idxal
tələblərinin Agentliyə təqdim olunması kimi məsələlər önə çəkilib.
Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan
Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq
haqqında imzalanmış Saziş”də nəzərdə tutulan məsələlərin icrasının
daha səmərəli təmin olunması məqsədilə işçi qrupun
formalaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb. Görüşdə heyvan
xəstəliklərinə qarşı mübarizə, eyni zamanda özəl baytarlıq
fəaliyyətinin qurulması ilə bağlı təcrübə mübadiləsinin aparılması
mövzusunda fikir mübadiləsi aparılıb.

Teqlər: