Milli Məclisin deputatı Könül Nurullayeva “Dini etiqad azadlığı
haqqında” qanuna dəyişikliklə bağlı təkliflər səsləndirib.
AzerTimes-ın məlumatına görə, deputat bildirib ki, “Dini etiqad
azadlığı haqqında” qanuna dəyişikliklər layihəsi bir sıra yeni
məqamları özündə ehtiva edir.
“Sənəd ilk növbədə islam dininə aid ibadət yerlərinə din
xadimlərinin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən deyil, Qafqaz
Müsəlmanları İdarəsinə məlumat verməklə müvafiq icra hakimiyyət
orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunmasını əks
etdirir. Din xadimlərinin bu qaydada seçilməsi həmin şəxslərin daha
da məsuliyyətli olmasına, hesabatlılığının təmin olunmasına, bu
sahədə fəaliyyətin şəffaflığına gətirib çıxaracaq”, – deyə
K.Nurullayeva bildirib.
Millət vəkili hesab edir ki, qanun lahiyəsində öz əksini tapan
digər vacib məqam, dini qurumların könüllü ianələri, o cümlədən
ianə edilmiş pul vəsaitlərini nəğd və ya bank, poçt, plastik kart,
elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul
edəcəklərini göstərməsi ilə bağlıdır:
“İanələr cəmiyyətdə dini və əxlaqi dəyərləri inkişaf etdirən,
sosial əsası gücləndirən ibadət növüdür. Burada əsas məqsəd
ianələrin hansı formada edilməsindən daha çox, həmin ianələrin
həqiqətən də ehtiyacları qarşılamasıdır.
İanələrin poçt vasitəsilə çatdırılması, eləcə də ianə edilən pul
vəsaitlərinin onlayn şəkildə edilməsinə gəlincə, K.Nurullayeva
bildirib ki, bu, dünya təcrübəsində uzun müddətdir tətbiq olunan
vasitədir.
Hazırda ziyarətgahlarda, məscidlərdə kifayət qədər nəzir
qutuları var ki, insanlar bu nəzir qutularına atdıqları pulların
sonrakı aqibəti barədə məlumatlı olmur, bu, insanların
əksəriyyətində inamsızlığın yaranmasına, eləcə də ianələrin
azalmasına səbəb olur ki, bu da öz növbəsində ehtiyacı olan
insanlara yardımların azalmasına, məscidlərin saxlanılmasında
problemlərin yaranmasına gətirib çıxarır. Hesab edirəm ki, qanuna
bu dəyişiklik ediləcəyi təqdirdə, insanlar rahat şəkildə, heç yerə
getməyə ehtiyac qalmadan könüllü şəkildə ianələr edə biləcək və bu
ianələrin sonrakı aqibəti barədə də məlumatlı olmaları ianələrin
artmasını təşviq edəcək”, – deyə deputat bildirib.
Deputatın qənaətincə, onlayn şəkildə ianələrin edilməsi həm
məscidlərin maliyələşdirilməsinə, onların maddi imkanlarının
yaxşılaşdırılmasına töhfə verəcək, vətəndaşların inam və etibarını
bərpa edəcək, həm də bu vəsaitlərdən imkansız insanlara, xəstələrə
vəsaitlər ayrıla biləcək:
“Əgər toplanan vəsaitə maliyyə monitorinqi etmək imkanları,
vətəndaşları xərclər barədə məlumatlandırmaq bu qanuna edilən
əlavələrdə nəzərdə tutulmazsa, bu zaman qeyd edilən dəyişikliklər
uğurlu nəticə əldə olunmasında çətinlik yaradacaq. Hesab edirəm ki,
18-ci maddədə dini qurumlar tərəfindən qəbul edilən pul
vəsaitlərinin onlayn şəkildə qəbul edilməsi qaydası nəzərdə tutulsa
da, layihədə həmin pul vəsaitlərinin hesabatlılığının təmin
edilməsi mexanizmini müəyyənləşdirən normalar öz əksini tapmayıb.
Belə normaların olmaması bu məsələdə şəffaflığın təmin olunmasına,
həmçinin ianələrin sonrakı aqibəti barədə insanları
məlumatlandırmağa maneə yaradacaq”.
K.Nurullayeva beynəlxalq təcrübəni də xatırladıb: “Edilən
ianələrin hesabatlılığının təmin edilməsinin dünya təcrübəsində
kifayət qədər müsbət nümunələri mövcuddur. Bu gün dünyanın bir çox
ölkələrində müxtəlif qurumlar var ki, onlara internet saytları
vasitəsi ilə ianələr edilir. Məsələn, qardaş ölkə Türkiyənin
təcrübəsində də eyni vəziyyət mövcuddur. Türkiyədə də məscidlərin
dərnəkləri olur və orada nəzir, sədəqə verildiyi zaman rəsmi
şəkildə mədaxil qəbzi verilir. Sonra isə onlar həmin mədaxil
qəbzlərinə uyğun olaraq, yığılan pullarla bağlı Vakflar Genel
Başkanlığına hesabat verirlər”, – deyə o qeyd edib.
Millət vəkilinin digər təklifi 8-ci maddə ilə bağlıdır: “Hesab
edirəm ki, həmin maddədə din xadimlərinin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunması zamanı
Qafqaz Müsəlmanları İdarəsinin məlumatın verilməsi deyil, rəyinin
alınması daha məqsədəuyğun olardı. Bundan başqa, layihədə nəzərdə
tutulmuş dini icması yaradılmamış dini ibadət yerlərinə və
ziyarətgahlara dini mərkəz (idarə) tərəfindən Qanunla müəyyən
olunmuş qaydada din xadimlərinin təyin edilə bilməsi ilə bağlı
müddəanın 11.3. maddənin çıxarılması dini ibadət yerlərinə və
ziyarətgahlara nəzarət məsələsini də açıqda saxlayır. Eləcə də
hazırda qüvvədə olan Qanunun mətnində qeyd olunan “dini qurumun
nizamnaməsi öz dini mərkəzinin (idarəsinin) nizamnaməsinə uyğun
olmalıdır” müddəasının çıxarılması təklifi verilsə də, dini qurumun
nizamnaməsinin tərtib olunması qaydası ilə bağlı müddəalar nəzərdə
tutulmamışdır”, – deyə o əlavə edib.