Makron prezident seçkilərinin ikinci turunu Fransanın gələcəyi ilə bağlı referendum adlandırıb

Aprelin 24-də keçiriləcək prezident seçkilərinin ikinci turu
Fransanın gələcəyi ilə bağlı referendum olacaq.

Trend xəbər verir ki, bunu ikinci müddətə namizədliyini irəli
sürən Fransa prezidenti Emmanuel Makron seçkiqabağı son
müsahibəsində deyib.

“Bu, Fransanın gələcəyi ilə bağlı referendum olacaq”, – deyə
E.Makron bildirib. Onun sözlərinə görə, 2016-cı ildə ABŞ-da
milyonlarla seçici niyə prezident seçkilərində səs verməli
olduqları ilə suallar verirdilər, lakin Donald Tramp seçildikdən
bir gün sonra onlar peşman oldular.

“Fransızlar öz dəyərlərinə və ölkənin gələcəyinə münasibətdə
bir-birindən əsaslı şəkildə fərqlənən proqramlar arasında seçim
etməli olacaqlar. Bu, Avropada qalıb-qalmamaq arasında seçimdir. Aİ
proqramlarından çıxmaqdan söhbət gedirsə, bu, Aİ-dən çıxmaq
deməkdir”, – deyə E.Makron bildirib.

Fransa prezidenti vurğulayıb ki, seçkilərdə iştirak etməmək
fransızlar üçün mənfi nəticələrə gətirə bilər.