Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
AzerTimes-ın məlumatına görə, bunu E.Makron Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunları üzrə birgə mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Fransanın böhran mərkəzi təhvil verilən ermənilərin daşınılması üçün təyyarə təşkil edib.
E.Makron qeyd edib ki, Azərbaycan Prezidenti, Fransa Prezidenti, Avropa Şurasının Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə bu yaxınlarda videoformatda keçirilən görüşdə itkin düşmüş şəxslər, qaçqınlar və digər məsələlərlə bağlı suallar qaldırılıb.
“Bu da stabilliyin elementidir. Prezident Putinlə danışıqlarımızda bir sıra məsələlərə dair ortaq fikirlər bildirdik və mən Rusiya hərbçilərinin çətin dövrdə sərhəddə oynadığı rolu alqışlamaq istəyirəm”, – deyə E.Makron əlavə edib.