Ağcabədi Rayon Polis Şöbəsinə sentyabrın 6-da saat 1 radələrində şəhər ərazisində Avşar kənd sakini A.Şakirovun qolundan yaralanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, araşdırmalarla həmkəndlisi olan qohumu Laiq İslamovun xuliqanlıq zəminində pnevmatik tapançadan atəş açaraq A.Şakirovu qolundan yaralamasına əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində L.İslamov saxlanılıb. Onun Avşar kəndi ərazisində yerləşən atasına məxsus fermada gizlətdiyi “Makarov” markalı tapança və bir ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.