Macarıstan da Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul edəcək – XİN

Moldova Respublikası, Polşa Respublikası və Slovakiya
Respublikasından sonra Macarıstan da, yaranmış vəziyyətlə əlaqədar
Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını
qəbul edəcək.

Bu barədə AzerTimes-a XİN-dən bildirilib.

Sərhəd ərazisinə yaxın bölgələrdə yerləşən və ciddi təhlükə ilə
üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada
Ukrayna ərazisini tərk edərək Macarıstana gedə bilər:

– Ukrayna Macarıstan arasındakı Barabas, Beregsuranyi, Lonyai,
Tiszetbecsi və Zahony sərhəd-keçid məntəqələri vasitəsilə
Macarıstana daxil olmaq mümkündür.

– Macarıstan tərəfi Azərbaycan Respublikası vətəndaşlarına
sərhəd-keçid məntəqələrində rüsumsuz 15 günlük viza
rəsmiləşdirəcəkdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid
məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.

– Macarıstan tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru
sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından
COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd)
və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə
tələb etməyəcək.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan
Respublikasının Macarıstandakı Səfirliyi ilə +36300901033
(telefonla zənglər üçün), +994552999012 (WhatsApp vasitəsilə
zənglər üçün) və [email protected] elektron poçtu
vasitəsilə əlaqə saxlaya bilər.

Ukraynadakı vəziyyət ilə əlaqədar vətəndaşların təxliyə olunması
üçün Macarıstanın Daxili İşlər Nazirliyinin Əməliyyat Mərkəzi ilə
+36 1 4411960 telefon nömrəsi və [email protected] elektron
poçtu vasitəsilə əlaqə saxlanıla bilər.

“Bir daha vurğulayırıq ki, Ukrayna ərazisində daimi və müvəqqəti
yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər
etmiş Azərbaycan Respublikasının vətəndaşlarına hazırda ölkədə
mövcud olan vəziyyətlə bağlı hərbi qüvvələrin və obyektlərin olduğu
ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə
qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik”, – deyə
XİN-dən bildirilib.

Teqlər: