Lukaşenko müharibəyə sürükləndi: hazırlıq görülür

Lukaşenko müharibəyə sürükləndi: hazırlıq görülür

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinin təzyiqlərinə tab gətirməyərək, Ukraynaya qarşı müharibəyə qoşulmağa hazırlaşır. Bunu Lukaşenkonun Kiyevin ünvanına səsləndirdiyi son ittihamlar da göstərir.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Lukaşenkonun iddiasına görə, Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi planlaşdırır:

“Bu iddia işğalçı müharibədə Rusiyaya qoşulmaq üçün bəhanədir. Rusiya ilə ağır müharibə apardığı məqamda Belarusa qarşı ikinci cəbhə açmaq Kiyevin maraqlarına cavab vermir. Tam əksinə, Ukrayna Lekaşenkonun planlarından ehtiyatlandığı üçün Belarusla sərhədin minalanmasını həyata keçirib.

Rusiya ordusunun vəziyyəti ağırdır. Ona görə də Kreml sahibi Belarus ordusunun sərhədi keçərək Ukrayna ordusunun problemlərini artırmasını istəyir. Aleksandr Lukaşenko müharibə başlayandan Putinin planlarında yer almaq istəmirdi, ancaq Putinin bəzi istəklərini yerinə yetirirdi. Rusiya Belarus ərazisindən Ukrayna ərazisinə raket zərbələri endirir və dəmir yollarından istifadə edirdi. Putinə artıq bu azdır, Belarus ordusunun Ukraynaya qarşı ikinci cəbhə açmasını istəyir. Belaruslar Ukraynaya qarşı savaşda iştirak edib ölmək istəmirlər. Bunu Lukaşenko da bilir, ancaq “böyük qardaşın” istəyini də rədd edə bilmir. Lukaşenko Belarusun müharibəyə qoşulmasını Ukraynanın “təxribatına” cavab kimi əsaslandırmağa çalışa bilər. Belarus Rusiyanın işğalçı müharibəyə qoşularsa, Ukraynanın tərəfdaş ölkələrdən daha böyük dəstəyə ehtiyacı olacaq”.

Teqlər: