Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik
münasibətlərin 30 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin
davamı olaraq 7 aprel tarixində Azərbaycanın Londondakı
Səfirliyində Mühafizəkarlar Partiyasına bağlı Xarici Siyasət
Məsələləri Şurasının (Şura) üzvlərinin iştirakı ilə tədbir
keçirlmişdir.
Səfirlikdən AzerTimes-a verilən məlumata görə, “Azərbaycan-Birləşmiş
Krallıq: diplomatk münasibətlərin 30 illiyinin və möhkəm
əməkdaşlığın qeyd edilməsi” başlığı altında keçirilmiş tədbirdə
adıçəkilən Şuranın rəhbərliyi və 40-a yaxın üzvü iştirak etmiş,
tədbirdə səfir Elin Süleymanov və Şuranın himayədarlarından olan,
Birləşmiş Krallığın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi
Baronessa Nikolson çıxış edib.
Səfir Elin Süleymanov qonaqları salamlayaraq, Səfirlik və Şura
arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, ölkələrimiz
arasında son 30 il ərzində təsis edilmiş çoxşaxəli və dinamik
əməkdaşlığın daha da dərinləşdirmək əzmini ifadə etmişdir.
Azərbaycan və Birləşmiş Krallıq arasında enerji əməkdaşlığı başda
olmaqla beynəlxalq təhlükəsizlik, iqtisadi-ticarət,
humanitar-təhsil sahələrində faydalı əməkdaşlığın mövcudluğundan
məmnunluğunu diqqətə çatdırmış, hər iki ölkənin xüsusilə enerji
sahəsində səmərəli əməkdaşlığının regionun enerji mənzərəsini
dəyişdiyini vurğulayıb.
Baronessa Nikolson mart ayında diplomatik münasibətlərin 30
illiyi münasibətilə Azərbaycana faydalı səfər etdiyini qeyd edərək,
son 30 ildə ölkələrimiz arasında sağlam, sarsılmaz və möhkəm
tərəfdaşlığın qurulduğunu qeyd etmişdir. O Azərbaycanın beynəlxalq
rolunun artmasında və Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin
möhkəmlənməsində Prezident İlham Əliyev və Birinci Vitse-prezident
Mehriban Əliyevanın xüsusi rolunu vurğulamışdır. Azərbaycan və
Birləşmiş Krallıq münasibətlərinin özünün sabitliyi ilə
fərqləndiyini, ölkəmizin təşəbbüsü ilə reallaşdırılmış enerji
layihələrinin əhəmiyyətinin daha da artdığını qeyd etmişdir. Yeni
qurulmuş Azərbaycan-Britaniya Ticarət Palatasının ölkələrimiz
arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsində rol oynayacağını
nəzərə çatdırmışdır.
O, hazırda Ukraynadakı vəziyyətin yaratdığı yeni şəraitdə
ikitərəfli tərəfdaşlıq münasibətlərinin əhəmiyyətinin artdığını
nəzərə çatdırmışdır. Baronessa Nikolson Azərbaycanın dostu olduğunu
və ölkəmizin zəngin mədəni irsinə və incəsənətinə olan heyranlığını
diqqətə çatdırmışdır.
Çıxışların ardınca Şura üzvlərinin Azərbaycan və Birləşmiş
Krallıq arasında ikitərəfli əməkdaşlıq, iqtisadi imkanlar, təhsil,
regional məsələlər, Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşması imkanları ilə bağlı sualları
cavablandırılmışdır.
Mühafizəkarlar Partiyasına bağlı olan Xarici Siyasət Məsələləri
Şurası beynəlxalq və xarici siyasət məsələlərinə maraq göstərən
mühafizəkarları bir araya gətirən platforma kimi fəaliyyət
göstərir. Şuranın himayədarlar şurasında Mühafizəkarlar
partiyasının sabiq nüfuzlu nümayəndələri, o cümlədən baş nazirlər,
xarici işlər nazirləri və tanınmış siyasi xadimlər təmsil
olunur.