Lökbatan qəsəbəsinin küçələri təmir edilir (FOTO/VİDEO)

Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə
təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti
qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi
istifadədə olan küçə və yollarında yeni yol infrastrukturunun
yaradılması istiqamətində işlər davam etdirilir.

Agentlikdən Trend-ə bildirilib ki, vətəndaşların rahat
gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən aparılan bu işlər 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Qaradağ rayonunda da həyata
keçirilir.

Proqram çərçivəsində hazırda rayonunun Lökbatan qəsəbəsində
uzunluğu 1 200, eni 6 metr olan Vilayət Əsgərov küçəsində təmir
işləri aparılır. Sözügedən küçə torpaq əsaslı olduğu üçün
gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb
olurdu.

Yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə
yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq
yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb, yol
əsası işlənilib, kommunikasiya xətlərinin baxış qapaqları yenisi
ilə əvəz olunub.

Hazırda küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri
aparılır. Təmir işlərinin aparıldığı sahə 7 200 kv.m təşkil
edir.

Sadalanan təmir işləri qəsəbənin 2 430 metr uzunluğa, 6 metr enə
malik Massiv 1, küçə 2 ünvanında da icra olunur. İşlərinin
aparıldığı 14 580 kv.m sahədə asfaltlanma işlərinə də strat
verilib.

Ümumilikdə qəsəbənin 1 və 2-ci yaşayış massivləri üzrə 8 430
metr uzunluğa malik küçə və yollarında hazırda təmir işləri icra
olunur.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5
km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə təmiri
nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ
rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün
gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da
asanlaşmasına gətirib çıxarır.

Teqlər: